Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ona görə də xalqın və dövlətin bu əsas dayağı qətiyyən layihəsiz və plansız qalmamalıdır. Çünki bu məsələdə azacıq laqeydlik və biganəlik bütün xalqa qarşı laqeydlik və biganəlikdir. Bu səbəbdən də biz ailəyə ciddi yanaşılmasının vacibliyinə inanır və bunu çox əhəmiyyətli görürük. Bəs ideal ailə necə olmalıdır? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini, şair, həkim, ictimai xadim, Zakir Ağdamlı: “İdeal ailəni indiki zamanda təsəvvür etmək ümumiyyətlə çətindir. Ailə elə olmalıdır ki, bir-birlərini başa düşsünlər, güzəştə getməyi bacarsınlar. Mədəni, anlayışlı kimi təsəvvür edirəm. Yaxşı olar ki, savadlı olsunlar və başa düşüb, güzəşt etməyi də bacarsınlar”.
Şəhər sakini Sevda Tarıverdiyeva: “Cütlüklər gərək bir-birinə güzəşt etsinlər. İki gün tanıdığın birinə ərə getmək də lazım deyil. Qarşı tərəfin xasiyyətini öyrənməlisən ki, sənə uyğundur, yoxsa yox. Həm də dözümlü olmaq lazımdır. Sözünüz düz gəlməyəndə yığışıb ata evinə getmək düzgün deyil. Elə ailələr möhkəm olur ki, qız bilir ki, onun yaxşı şəraiti yoxdur, oğlan ona yaxşı həyat verir, güzəştə gedir, nə istəyirsə edir. Sözlər düz gəlməyəndə belə şeylər üstündə ailəni dağıtmaq olmaz. İndiki qızlar ərə gedir ki, oğlan onları restorana aparsın, xaricə göndərsin, paltar, maşın alsın. Ər bunun üçün deyil. Ər onun üçündür ki, ailə başçısı olsun, ona hörmət etsinlər, uşaqların atası olsun. Gərək bir-birinizi başa düşəsiniz”.
Şəhər sakini Rasim İmanov: “İdeal ailə belədir ki, gərək övlada qarşı çox mülayim olmayasan. Qəddar olasan. O zaman övlad xoşbəxt ola bilər. Yoxsa, “anan qurban, atan qurban” deməklə sonu yaxşı olmur. Gərək övladın hər dediyini etməyəsən, zəhmətə alışdırmalısan”.
Şəhər sakini Banuçiçək Abdullazadə: “Ümumiyyətlə, ailə strukturunda hörmət mütləq şəkildə olmalıdır. Bir-birinə hörmət, anlayışla qəbul etmək və sevgi olmalıdır. Mənə elə gəlir ki, hörmət olmayan yerdə sevgi də olmaz. Bundan başqa hər baxımdan, ailəyə, böyüklərə, kariyeraya, düşüncələrə, xəyallara olan hörmət vacibdir. Mənə görə ideal ailədə heç bir zaman bir tərəfin xəyalları puç olmamalıdır. Ailə həyatı qurmaq xəyalların puç olmasına gətirməməli, hədəfləri ləğv etməməlidir. Ailə həyatı hədəflərə birlikdə addımlamaqdır. İnsanlar bir-birini anlayışla qəbul etsələr, əvvəlcədən xəyallarını bölüşsələr, evləndikdən sonra bu problemlərlə üzləşməzlər. Çünki bir-birinə bələd olacaqlar. Beləliklə, boşanmaların sayı azalacaq”.
Şəhər sakini Nüşabə Osmanova: “Həyat yoldaşı, qadın və kişi bir-birini başa düşməlidir. Uşaqların yanında pis münasibətdə olmamalı, acı sözlər işlətməməlidir. Mehribanlıq olmalıdır. İndi həyat dəyişib, gənclər hər şeylə ayaqlaşa bilmirlər. Ailə dolana bilməyəndə söz-söhbət yaranır. Yaxşı dolansalar, söz-söhbət də olmaz”.
Şəhər sakini Kəmalə Ağazadə: “Mənim fikrimcə, qarşılıqlı hörmət, bir-birinin sərhədlərini keçməmək şərti ilə ideal ailə modeli qurula bilər. İdeallıq deyə bir şey yoxdur. Əsas odur ki, bir-birinin mənfisini, səhvini qəbul etsinlər, ona uyğunlaşsınlar. Qarşı tərəfi dəyişdirmədən yaşamaq lazımdır. Əgər sevib seçmisənsə, niyə kiminsə xarakterini dəyişəsən”.
Şəhər sakini, ehtiyatda olan tibb xidməti mayoru İlham Şəbiyev: “İdeal ailə belə ola bilər ki, qadın və kişi bir-birini başa düşsünlər, güzəştə getsinlər. Birinin səhvi olanda digəri onu bağışlamalıdır. Ancaq yenə də son qərarı kişi verir. Evdə ağsaqqal kişi olmalıdır. Son vaxtlar fikir ayrılıqları çoxdur. Ailədə bir-birini başa düşməlidirlər ki, övladlar da gələcəkdə ana və atasını ziddiyyətli görməsin, travmalı böyüməsinlər”.
Şəhər sakini Zöhrab Sadıqov: “İdeal olaraq yalnız Allahı görürəm. Mükəmməllik yalnız ona məxsusdur. Sadəcə olaraq bir-birini yola vermək, anlayışlı olmaq, başa düşmək lazımdır. Çox çətinə salmaq lazım deyil”.