Lülə kababa niyə soda vurulur?


“Lülə kabab mətbəximizin vaz keçilməz, sevilən və dadlı yeməklərindəndir. Kababın əsas sirri təkcə keyfiyyətli ət və düzgün bişirmə texnikasında deyil, həm də hazırlanma mərhələsində istifadə olunan bəzi gizli komponentlərdədir. Bu komponentlərdən biri də sodadır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida eksperti Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “Soda lülə kababın hazırlandıqda bir neçə funksiyasına görə qatılır. İlk olaraq soda əti daha yumşaq və şirəli edir. Mal və ya qoyun əti ilə hazırlanan lülə kababda soda ətin liflərini bir qədər boşaldır və bu da kababın dişlədidə daha incə və dadlı olmasını təmin edir.

Soda lülə kababın formada qalmasına və dağılmamasına kömək edir. Ət doğrandıqdan və duz, ədviyyat əlavə olunduqdan sonra lülə şişə çəkilir. Soda bu qarışığın daha yaxşı “yapışmasını” və bişərkən parçalanmamasını təmin edir. Bu xüsusilə mal əti ilə hazırlanan kabablarda daha vacibdir, çünki mal əti qoyun ətinə nisbətən bir az quru və sərt olur.

Digər əsas səbəb isə kömür üzərində bişmə zamanı rəngin və toxumanın qorunmasıdır. Soda kababın səthində yüngül karamelləşmə yaradır və bu da ona həm vizual cəlbedicilik, həm də xüsusi dad verir. Unutmayaq ki, sodanın miqdarı çox vacibdir. Hər kiloqrama yarım çay qaşığından çox əlavə etmək tövsiyə olunmur. Əks halda kababın dadında acılıq və ya xoşagəlməz ləzzət hiss oluna bilər”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər