Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, nəqliyyat axınını tənzimləmək və ictimai nəqliyyatın effektivliyini artırmaq məqsədilə Puşkin küçəsində də hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10 km/saat-a qədər artıb.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.