“Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır”


Aprelin 22-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xətai rayonu ərazisində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Zəfər parkı ziyarət olunub.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışıb. R.Mirzəyev bildirib ki, bu il müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edilməsinin 30, Vətən müharibəsində tarixi Zəfərin qazanılmasının 5 ili tamam olur. Onun sözlərinə görə, möhtəşəm Qələbənin əldə edilməsində gənclərin müstəsna rolu var. Bu da onların vətənpərvərlik ruhunda formalaşmasından irəli gəlir.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva bildirib ki, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Qeyd edib ki, xalqımız şanlı Zəfər qazanmaqla tarix yazıb: “Bu tarixi gələcək nəsillərə çatdırmalıyıq. Bunun üçün Vətəni sevmək, tariximizi dərindən öyrənmək lazımdır. Müstəqil dövlətimiz Ulu Öndər Heydər Əliyevin bizə əmanətidir və bu əmanəti hər zaman qorumalıyıq”.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında müstəqil Azərbaycanın ilk Konstitusiyanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş ictimai müzakirələr şəraitində hazırlandığını, Əsas Qanunda demokratik dəyərlərin öz əksini tapdığını vurğulayıb. Diqqətə çatdırıb ki, 1995-ci ildə Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul olunmasından sonra müstəqil dövlət quruculuğu başlandı. Artıq Azərbaycan böyük inkişaf yolu keçərək güclü dövlətə çevrilib. “Şanlı Qələbəmizin qazanılmasının ciddi əsasları var. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz bütün istiqamətlərdə gücləndi. Nəticə etibarilə, ölkəmiz möhtəşəm Qələbəyə imza ataraq öz ərazi bütövlüyü və suverenliyini təmin etdi”, – deyən R.Quluyev qeyd edib ki, yüksək vətənpərvərlik ruhunda formalaşan gənclərimiz bu müqəddəs işdə tarix yazdı. O deyib ki, öz qanları, canları hesabına tarix yazan vətənpərvər Azərbaycan gənclərinin həyat yolu gələcək nəsil üçün nümunə oldu: “Bu gün şəhid ailələrinə, qazilərə yüksək qayğı mövcuddur. Onlara hər zaman diqqət göstərmək bizim əsas vəzifələrimizdən biridir”.

YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qeyd edib ki, müstəqil Azərbaycanın konstitusiya quruluşunun tam bərqərar olmasında gənclərimizin vətənpərvərliyi öz sözünü dedi: “Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümididir. Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların vətənpərvərlik ruhunda yetişdirilməsi əsas məsələlərdən biridir. Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri gənclərin inkişafıdır. Bu istiqamətdə davamlı addımlar atılır”, – deyə YAP Veteranlar Şurasının sədr müavini vurğulayıb.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafında Ümummilli Lider Heydər Əliyev əvəzolunmaz xidmətlər göstərib: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib”.

B.İslamov deyib ki, gənclərimizin böyük üstünlük təşkil etdiyi rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsi milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü idi: “Vətən müharibəsində qazandığımız Qələbə yeni dövrün də əsasını qoydu. Təsadüfi deyil ki, 2020-ci ilədək Azərbaycan gəncliyinin ən ali vəzifəsi işğal altındakı tarixi torpaqlarımızın azad olunması idi. Yeni dövrün reallıqları isə Azərbaycan gəncliyinin üzərinə yeni bir vəzifə qoyur. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonrakı dövrdə çıxışlarına nəzər saldıqda bu vəzifəni daha aydın başa düşürük. Qazanılmış Zəfərin qorunması, hər zaman savadlı, dünyagörüşlü, vətənpərvər yeni nəslin formalaşması, Qələbəmizi əsas miras olaraq gələcək nəsillərə ötürmək – məhz bunlar Azərbaycan gəncliyinin yeni dövrün reallıqları fonunda başlıca vəzifələridir”.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncləri böyük şücaət göstəriblər: “Qazandığımız Zəfər Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Hər bir döyüşçü, o cümlədən gənclər, öz həyatını Vətən yolunda fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz tarix yazdılar”.

O qeyd edib ki, müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. “Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, Qələbəmiz dillərdə dastana döndü. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anırıq”, – deyə Vətən müharibəsi Qəhrəmanı vurğulayıb.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Əlaqəli Xəbərlər