Azərbaycan Çinin təklif etdiyi “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirib


Azərbaycan Çinin təklif etdiyi “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə sənədi aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədr Si Cinpin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da deyilir.

Sənəddə vurğulanıb ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir.

Bəyanatda deyilir ki, Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır.

“Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir”, – sənəddə deyilir.

Əlaqəli Xəbərlər