“Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib


Aprelin 23-də Gənclər Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Youth Cybersecurity Forum 2025” adlı tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.

Forumda Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev, ATGTİ-nin sədri Rəşad Zeynalov açılış nitqi ilə çıxış edərək gənclərə göstərilən diqqətdən, tövsiyələrdən bəhs edib, forumun perspektivlərindən söz açaraq tələbələrə uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi dinlənilib.

Sonra qurumların mütəxəssislərinin iştirakı ilə “Süni İntellekt və İnsan Faktoru: Kibertəhlükəsizlikdə Yeni Dəyişikliklər və Qarşılaşdığımız Risklər” mövzusunda və “Kibertəhlükəsizlik: Proqramlaşdırma və Məlumatların Qorunmasında Yeni Yanaşmalar” mövzusunda panel görüş baş tutub.

Qeyd edək ki, forumun əsas məqsədi gəncləri kibertəhlükələrə qarşı maarifləndirmək, onların rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirmək, ölkəmizdə kibermədəniyyətin inkişafına töhfə vermək, yeni texnologiyalarla tanış etmək və bu sahədə milli potensialın artırılmasına dəstək olmaqdır. Forum, eyni zamanda, kibermüdafiə sahəsində bilik və bacarıqların genişləndirilməsinə, eləcə də milli kibertəhlükəsizlik ekosisteminin möhkəmləndirilməsinə xidmət edir.

Əlaqəli Xəbərlər