“Azərkosmos” və Özbəkistanın “Uz-Sat” şirkəti arasında kommersiya anlaşma memorandumu imzalanıb. Memorandum tərəflər üçün qarşılıqlı fayda yaradacaq və kosmik sahədə yeni imkanlar açacaq.
SİA xəbər verir ki, memoranduma əsasən, “Azərkosmos” və “Uz-Sat” arasında kosmos texnologiyaları və elmləri sahəsində təcrübə və bilik mübadiləsi həyata keçiriləcək. Hər iki tərəf, kosmos texnologiyaları, kosmos elmləri və astronomiya sahələrində bilik və təcrübə mübadiləsi yolu ilə qarşılıqlı faydalanacaqlar.
Sənədə əsasən, həmçinin məlumat mübadiləsi və potensial əməkdaşlıq sahələrinin qiymətləndirilməsi həyata keçiriləcək. Hər iki tərəf bu sahələrdəki potensial əməkdaşlıq imkanlarını müəyyənləşdirəcək.
Bununla yanaşı, tərəflər öz ölkələrinin və regionlarının kosmos texnologiyaları, kosmos elmləri və Yerin müşahidəsi sahələrindəki ehtiyaclarına cavab verən innovativ həllər təqdim etmək məqsədilə strateji tərəfdaşlıq qurmağa çalışacaqlar.
Memorandum “Azərkosmos” və “Uz-Sat” arasında əməkdaşlıq perspektivlərini daha da genişləndirəcək və hər iki ölkənin kosmik sahədə potensialını artıracaq. Həmçinin beynəlxalq kosmik layihələrdə iştirak imkanlarını genişləndirərək, hər iki tərəfin elmi və texnoloji inkişafına mühüm töhfə verəcək.