İşğalçılığı bu vaxta qədər dövlət siyasəti olaraq qəbul edən ölkə olan Ermənistanda artıq iqtisadiyyatın böhran içərisində olduğu elə məhz ermənilərin özləri tərəfindən etiraf edilir. Bununla bağlı hayların həyəcan təbili çalmaları da bu baxımdan təsadüfi deyil. Çünki haylar öz durumları və onları nələrin gözləməsi ilə bağlı kifayət qədər narahat olmağa başlayıblar və bu narahatçılıqlarını erməni baş nazir Nikol Paşinyandan tutmuş, ən sadə erməniyə qədər hər birinin həyəcanında görmək çətin deyil. Görünən odur ki, Ermənistan adında bir ölkəni məhvə aparan tənəzzül artıq təkzibedilməzdir.
Vəziyyətin getdikcə daha da acınacaqlı olacağını, yaxşı başa düşməlidirlər
Erməni ekspertlər və analitiklər özləri belə ölkələrinin iqtisadiyyatında ciddi struktur problemlərinin, eləcə də artımın olmaması barədə açıq şəkildə bildirirlər. Eyni zamanda bununla bağlı riskləri də gizlətmirlər, əksinə, açıq şəkildə etiraf da edirlər. İqtisadi göstəricilərin hansı səviyyədə olduğunu erməni cəmiyyətinə göstərən və bunu əvvəlcədən özləri də görən ekspertlərin, analitiklərin əslində, belə etiraf etmələri başadüşüləndir. Ona görə başadüşüləndir ki, real vəziyyət Ermənistan iqtisadiyyatının təhlükə altında olduğunu və ölkəni məhvə doğru sürükləyən tənəzzülü göstərir. Təsadüfi deyil ki, erməni baş nazir Nikol Paşinyan hər dəfə “hökumət yığıncaqlarında” az qala haylara hay salır. Bunu məhz ona görə edir ki, vəziyyətin kritik həddə olduğunu onlar anlasınlar və xam xəyallardan əl çəkərək, real vəziyyəti başa düşsünlər, reallıqları görsünlər və buna uyğun şəkildə də özləri aparsınlar. Məhz elə Paşinyanın sonuncu dəfə çıxışında əl-qol oynadaraq, əsəbi halda və aqressiv şəkildə çıxış etməsi də təsdiq edir ki, işğalçı ölkə lideri belə hayları ayıltmaq üçün həyəcan təbili çalır.
Əlbəttə ki, erməni əsilli analitiklərin, iqtisadçıların, ekspertlərin, siyasətçilərin narahatlıqları səbəbsiz sayıla bilməz. Bunun ciddi səbəbi və əsası var. Xüsusən də, Ermənistanın Statistika Komitəsinin iqtisadi göstəricilərlə bağlı bir-birinin ardınca açıqladığı məlumatlar, daha dəqiq desək, ən acınacaqlı göstəricilər onların ciddi şəkildə narahat olmaları üçün yetərlidir. Hər dəfə əhəmiyyətli dərəcədə azalmanın müşahidə edilməsi Ermənistanda həyəcan təbili çalmaq üçün erməni ekspertlərinə bir əsas verir. İşğalçı ölkənin iqtisadi göstəriciləri ilə bağlı rəsmi səviyyədə geriləmənin qeyd olunması azacaq da olsa ağlı, dərrakəsi, düşünmə qabiliyyəti olan və eyforiyadan, miflərdən yaxa qurtarıb aydın şəkildə düşünə bilən hərhansı bir ermənini, xüsusən də iqtisadiçı, ekspert, analitik olan ermənini narahat etməyə bilməz və narahat da edir. Ona görə ki, məhz onlar məhvə sürükləyən tənəzzülü, vəziyyətin getdikcə daha da acınacaqlı olacağını, daha yaxşı başa düşürlər. Əslində, başa düşməlidirlər və hələ bir qədər gecikiblər də.
Daha acınacaqlı vəziyyətin olacağı barədə proqnozun verilməsi tam məntiqidir
Bir çox erməni əsilli iqtisadçıların məhz öz təhlillərində Ermənistanın Statistika Komitəsinin açıqladığı rəqəmlərin arxasında gizlənən ciddi problemləri qeyd etmələri əbəs yerə deyil. İqtisadi aktivliyin tempinin durmadan azalmaqda davam etdiyindən narahat olduqlarını gizlətməyən erməni əsilli iqtisadçı analitiklər, ekspertlər Ermənistanın tənəzzülünü yaxşı başa düşürlər deyə həyəcan təbili çalırlar. Ötən il boyunca və cari ilin birinci rübündə istər bitkiçilik sektorunda, istər zərgərlik məmulatlarının istehsalının həcmində da artıq dərəcədə geriləmənin olmasını açıq şəkildə qeyd etməklə, vəziyyətin işğalçı ölkə üçün getdikcə daha ağır olacağı haqlı olaraq proqnozlaşdırılır. Proqnozlara görə, qızılın təkrar ixracı faizlərinin azalması fonunda bundan sonra azalma və geriləmə daha da dərinləşəcək.
Hal-hazırda Ermənistan iqtisadiyyatının təhlükə altında, tənəzzüldə olduğunu hayların ən azından başa düşməkdən başqa çarələri qalmayıb. Həyəcan doğuran tendensiyaların müşahidə olunması başqa bir çıxış yolu qoymur. Həmin tendensiyaların aradan qaldırılması istiqamətində heç bir ümidverici hal müşahidə olunmursa, ölkəni tənəzzüldən yaxa qurtarmaq üçün, təhlükələrdən yayındırmaq üçün müəyyən tədbirlər görülmürsə, tənəzzül deyilən halın qarşısının alınması istiqamətində hərhansı bir plan, hansısa bir proqram belə yoxdursa, deməli, daha acıncaqlı vəziyyətin olacağı, daha doğrusu, vəziyyətin həqiqətən də gözləniləndən də daha acınacaqlı olacağı barədə proqnozun verilməsi tamamilə məntiqidir.
Sistemli problemlərin dövlət idarəçiliyində belə olması özü də tənəzzüldən xəbər verir
“Luys” analitik fondunun apardığı araşdırmaların nəticələrində bu vaxta qədər Ermənistanın dövlət proqramlarının icrasında kritik problemlərin olduğu öz əksini tapır. Xüsusən də ötən ilin dövlət büdcəsinin icrasının nəticələri də həmin analitik fondun araşdırmalarında nəzərə alınır. Ələlxüsus qeyd olunur ki, dövlət proqramlarının icrasında kritik problemlərin olması öz növbəsində ümumi iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Əslində, həqiqətən də ümumi büdcə və vergi gəlirlərinin artımının dəqiqləşdirilmiş plana çatmaması özü bəzi məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Yəqin ki, əsaslı məsrəflərlə bağlı vəziyyətin xüsusi narahatlıq doğurması da məntiqidir. “Bu, təkcə dövlət aparatının səmərəsizliyinə işarə etmir, həm də ölkənin iqtisadi artım potensialını sarsıdır”, deyə sözügedən fondun analitiklərinin xüsusilə vurğulamaları Ermənistandakı mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur və tənəzzüldən xəbər verir.
Dövlət idarəçiliyinin lazımi qaydada olmaması məsələnin kökündə dayanan məqam olaraq başa düşülür. Əslində, həmin sözügedən analitik fondunun araşdırmaları belə başa düşülməsi üçün əsas verir. Luys ekspertlərinin fikrincə, dövlət idarəçiliyinin səmərəsizliyinin bariz nümunəsi təhsil müəssisələrinin tikintisi və modernləşdirilməsi proqramı olub. Xüsusən məktəblərin, uşaq bağçalarının tikintisi ilə bağlı acınacaqlı vəziyyətin də idarəçilikdə olan sistemli problemlərlə əlaqələndirilməsi hər halda, səbəbsiz ola bilməz və məhz bununla bağlı da ortada olan statistik göstəricilər çox şeydən xəbər verir. Məsələn, işğalçı ölkə üçün hazırda strateji baxımda əhəmiyyətli hesab olunan hərbi-sənaye kompleksinin inkişafı proqramının tam icra edilməməsi və rəqəmsal transformasiya proqramının 2,6% olmaqla, minimum icrası erməni ekspertləri üçün xüsusi narahatlığa əsas verir. Elə məhz bu səbəblərə görə də ekspertlər, iqtisadi artımın ümumi “yavaşlaması”, daha doğrusu, olmaması şəraitində dövlət investisiyalarının qeyri-kafi səviyyədə olması ilə bağlı Ermənistan iqtisadiyyatı üçün ciddi riskləri qeyd edirlər. Deməli, sistemli problemlərin dövlət idarəçiliyində belə olması açıq şəkildə göstərilir və bunun özü də tənəzzüldən xəbər verir.
Tənəzzüldən, məhvə gedən yoldan yaxa qurtarmaları üçün nə sehrli çubuq var, nə də bu çıxış imkanı verən hansısa potensial
Geosiyasi risklər, nəqliyyat məhdudiyyətləri və məhdud daxili bazar Ermənistan üçün bu gün ən ağrılı məsələlərdən sayılır. Özü də sadalananlar mövcud acınacaqlı vəziyyət üçün səbəb belə hesab olunur. Çünki məhz bu sadalananlar səbəbindən işğalçı ölkənin artıq özəl investisiyaların cəlb edilməsində ciddi problemlərlə üzləşdiyi təkzibedilməzdir və bu, ermənilərin öz “başbilənləri” tərəfindən də etiraf edilir. Həmçinin o da etiraf edilir ki, belə bir şərait iqtisadi inkişaf potensialını belə əhəmiyyətli dərəcədə sarsıtmaqdadır. Xüsusilə təhlükəli məqamların olması da açıq şəkildə etiraf edilir. Aydın şəkkildə bildirilir ki, adekvat dövlət investisiyaları olmadan Ermənistan iqtisadiyyatı vaxtından əvvəl, gözlənilən müddətdən də öncə belə tənəzzül səbəbindən məhv olma riski ilə üz-üzə qalır. Sözsüz ki, belə bir tənəzzül istənilən ölkənin, xüsusən də Ermənistan kimi səfalət içərisində, büdcəsi boş olan, heç bir layihənin iştirakçısı olmayan dövlətin uzunmüddətli inkişaf perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bax elə bu məqam özü də haylar üçün çox həyəcan doğuran məqamdır ki, bunu da nəzərə almamaları mümkünsüzdür. Görünür, sonuncu çıxışında erməni baş nazir Nikol Paşinyanın hay salaraq, hayları başa salmağa, xüsusi xəbərdarlıq etməyə çalışması da gözlənilən imiş. Hər halda, ölkənin acıncaqlı vəziyyətini, tənəzzülünü heç olmasa, bir ölkə lideri də olsa görməli, anlamalı və başa salmalıdır axı.
Bəli, Nikol Vovayeviç daha hansısa manipulyasiyaların heç bir fayda verməyəcəyini geç də olsa başa düşüb və buna görə də həyəcan təbili çalır. Həyəcan təbili çalır, hay salır ki, haylar yuxudan ayılaraq, reallıqları görsünlər. Görsünlər ki, tənəzzülləri, məhvə doğru sürüklənmələri fonunda qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, əlaqələr yaratmaq, heç olmasa regional layihələrdə iştirak etmək, bir sözlə, vəziyyətdən çıxmaq onlar üçün ən doğru addımdır və daha miflər onları heç bir tərəfə apara bilməz. Bir zamanlar İrəvanın küçə və meydanlarında pafoslu çıxışlarla daxili auditoriyanı ələ alan, haylara guya istədiklərini verəcəyini vəd edən əli sarıqlı, beli çantalı küçə nümayişçisi indi vədlər verə bilmir. Amma istiqamət verməyə çalışır. Çünki görür ki, daha vəd vermək, boş-boşuna nağıllara söykənərək nəyə isə ümidlər bəsləmək axmaqlıqdır və uçuruma aparır. Qisasçılıq hissinin, işğalçılıq niyyətinin erməni xalqına yaxşı heç nə vəd etmədiyini, əksinə, fəlakətlər vəd etdiyini hökumət yığıncağındakı son çıxışnda açıq şəkildə izah edən Nikol hayları “silkələməyə” və “oyatmağa” çalışır. Çalışır başa salsın ki, tənəzzüldən, məhvə gedən yoldan yaxa qurtarmaları üçün nə onun sehrli çubuğu var, nə də bu çıxış imkanı verən hansısa potensialları. Deməli, yeganə yol, məhz qonşu ölkələrlə işğalçılıq siyasətini, intiqam hissini dayandırıb razılaşmaqdan ibarətdir.