“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.
Qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə nazirliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.
Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası, eləcə də meliorasiya və su təsərrüfatı obyektlərinin və onların mühafizəsinə aid ərazilərdə aparılan meliorasiya və irriqasiya tədbirləri istisna olmaqla təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.