Aprelin 24-də”Azərkosmos”un Kosmik Akademiyasında Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüş keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maarifləndirmək, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərinə istiqamət vermək olub.
Tədbirdə çıxış edən Alper Gezeravcı Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan qısa zaman ərzində bölgənin önəmli ölkələrindən birinə çevrilib və kosmos sahəsində də nüfuz qazanmaqdadır.
Kosmonavt 2023-cü ildə Azərbaycanda uğurla təşkil olunmuş Beynəlxalq Astronavtika Konqresini (“IAC-2023”) xatırladıb və deyib ki, beynəlxalq səviyyəli bu cür təşəbbüslər ölkənin elm və texnologiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.
Türkiyədə kosmik liman layihəsi üzərində iş getdiyini bildirən Alper Gezeravcı qeyd edib: “Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük iş görülüb. Hazırda 8 kosmik liman var ki, onların da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı, peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır, təbii ki, işə başqa müdaxilələr olmazsa”.
Alper Gezeravcı, həmçinin kosmosda keçirdiyi 14 günlük missiya, bu prosesə hazırlıq mərhələləri və şəxsi təəssüratları barədə ətraflı danışıb.
Seminar zamanı Gezeravcı qeyd edib ki, elm və texnologiya sahəsində Türkiyə və Azərbaycanın birgə addımları regionun kosmik potensialının inkişafında mühüm rol oynayır. Bu yol asan deyil, amma istək və səbir olduqda mümkünsüz görünən hədəflərə də çatmaq mümkündür.
Astronavt görüş zamanı gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, kosmosa səyahət yalnız texniki və elmi biliklərlə deyil, həm də möhkəm iradə, ruh yüksəkliyi və komanda ruhu ilə mümkündür.
“Hər bir uşaq kosmosa baxaraq xəyal qurur. Əgər bu xəyalı qoruyub saxlayırsınızsa və onun üçün çalışırsınızsa, nə vaxtsa o xəyal reallığa çevrilə bilər”, – deyə Gezeravcı gənclərə müraciət edib.
Görüşün sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.