“Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycanın uğurlu addımları mövcuddur. Bu addımlar həm daxili siyasətə, həm də xarici siyasətə təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, daxili siyasət ərazilərin minadan təmizlənməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, onların məşğulluğunun təmin olunması, bölgədə infrastrukturun təminatı, yaşayış binalarının tikintisi ilə müşahidə olunur: “Bizim üçün əsas məsələ keçmiş məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunmasıdır. Eyni zamanda Böyük Qayıdışın xarici siyasətədə təsiri mövcuddur. Çünki Cənubi Qafqazla maraqlanan ekspertlər, iqtisadçılar və diplomatlar görürlər ki, Azərbaycan sürətli şəkildə bölgənin yenidən qurulmasında iştirak edir. Həmçinin bölgənin sahibi kimi davranır”.
Politoloq qeyd edir ki, bizim üçün bu torpaqlar mühüm əhəmiyyət kəsb edir: “Alternativ və bərpa olunan enerji müstəvisindən bu bölgənin iqtisadi potensialının Azərbaycan iqtisadiyyatına transferi, bununla yanaşı bölgənin inkişafı turizmin inkişafı baxımdan önəmlidir. Ona görə də burada bütün proseslər paralel icra olunmaqdadır. Eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində mühüm istiqamətlər yaranır. Bölgəyə investisiya cəlb olunur.
Möhtərəm cənab Prezidentin Çinə dövlət səfəri zamanıda məhz investisiyalar üzrə işçi qrupunun yaradılması haqqında siyasi iradı ifadə olundu. Bu da hesab edirəm ki, Çin sərmayesinin Qarabağa və Şərqi Zəngəzura cəlb olunmasına gətirib çıxaracaq. Bu yeni geosiyasi reallıqların möhkəmləndirilməsi bölgədə Çin maraqlarının təminatını ifadə edir. Həmçinin təhlükəsizliyin daha da möhkəmlənməsinə gətirib çıxacaq”.