Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyəti sədrinin müavini Fuad Aslanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
“Bu konfransda 30-a yaxın ölkə təmsil olunur, ümumi iştirakçı sayı 400-ü keçib. Dünən biz bir çox maraqlı təqdimatlar gördük. Mərkəzi Avrasiyada suveren kosmik proqramların inkişafını müşahidə etmək mənim üçün çox maraqlı idi. Hesab edirəm ki, bu gün kosmos artıq qapalı məkan deyil. Biz mütləq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atmalıyıq, çünki bir çox yerli biliklər mövcuddur. İnanıram ki, siyasətçilər, kosmik agentliklər, sənaye və akademik qurumlarla birgə biz daha inkişaf etmiş kosmik ekosistem qura bilərik.
Bugünkü sessiyalar daha çox Yer müşahidəsi və telekommunikasiya sahəsində son inkişaf və texnologiyalara fokuslanacaq. Hazırda böyük problem rəqəmsallaşma artdıqca ucqar bölgələrin qoşulmasıdır. Biz həmçinin kosmik sektorda innovasiyalar və milli kosmik proqramları dəstəkləmək üçün lazımi investisiyaları müzakirə edəcəyik. Öz təcrübəmizdən bilirik ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək nə qədər vacibdir və hesab edirik ki, biz öz təcrübəmizi də paylaşa bilərik”,- deyə o qeyd edib.