“Sağlam həyat tərzinin təməli düzgün, balanslaşdırılmış qidalanmadır”


“Sağlam həyat tərzinin əsas təməli düzgün və balanslaşdırılmış qidalanmadır. Qəbul edilən qidaların növü, miqdarı və qəbul saatı insanın yaşı, cinsi və gündəlik fiziki aktivliyinə uyğun şəkildə dəyişməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, 20 yaşına qədər olan şəxslərdə orqanizm inkişaf mərhələsində olduğuna görə enerji ehtiyacı daha yüksəkdir: “Bu yaş qrupuna gün ərzində 3 əsas qidalanma məsləhət görülür. Səhər yeməyi xüsusilə əhəmiyyətlidir: süd və süd məhsulları, çərəzlər və kompleks karbohidratlarla zəngin qidalarla təmin olunmalıdır. Günorta və axşam yeməkləri də həm inkişafı, həm də enerji balansını təmin etməlidir. Bu yaş dövründə maddələr mübadiləsi sürətli olduğu üçün aclıq hissi tez-tez müşahidə oluna bilər. Belə hallarda fast food, qazlı içkilər və keyfiyyətsiz yağlarla hazırlanan məhsullar əvəzinə sağlam alternativlər – təbii ət, tərəvəzlər, kəpəkli çörək və qatıq əsaslı yüngül qidalar seçilməlidir.

20-25 yaşdan sonra qidalanma gündə 2 əsas yemək – səhər və axşam – üzərində qurulmalıdır. Ara yeməklərdə isə meyvə, çərəz kimi yüngül, faydalı qidalardan istifadə oluna bilər.

Qəbula diqqət yetirilməli digər vacib məqam – qidanın keyfiyyəti və müxtəlifliyidir. Mövsümi tərəvəz və meyvələrin rasionda yer alması orqanizmin ehtiyac duyduğu vitamin və mineralların təmini üçün vacibdir. Eyni zamanda təbii yağlar – kərə yağı, nehrə yağı, günəbaxan və zeytun yağı kimi sağlam yağlar gündə 20-30 qram miqdarında qəbul olunmalıdır. Bu yağlar həm daxili orqanların funksiyasını dəstəkləyir, həm də beyin fəaliyyətinə müsbət təsir göstərir.

Un və duz istifadəsi minimum səviyyədə olmalıdır. Çörəkdən gün ərzində 1-2 dilim kifayət edir. Duzun həddindən artıq istifadəsi hipertoniya və oynaq problemlərinə səbəb ola bilər.

Yeməklər bişirildikdən sonra yalnız bir dəfəlik istifadəyə planlaşdırılmalı, növbəti günə saxlanmamalıdır. Çünki saxlanmış yeməklər qida zəhərlənməsinə və həzm sisteminin pozulmasına səbəb ola bilər. Bişirmə zamanı yemək qızartmaları və ya uzun müddət qaynatmalar da zərərli ola bilər. Eyni zamanda uyğun olmayan qidaların birləşdirilməsi belə orqanizmə mənfi təsir göstərə bilər.

Qidaların saxlanması zamanı düzgün qablaşdırma və mal qonşuluğu prinsipinə əməl edilməlidir. Quru, sərin, qaranlıq və ya soyuducu şəraitində saxlanması tələb olunan məhsulların bu tələblərə uyğun şəkildə yerləşdirilməsi zəruridir.

Su qəbuluna da ciddi yanaşmaq lazımdır. Orqanizmin ehtiyac duyduğu su miqdarı, təqribən, bədən çəkisinin hər kiloqramına 30 ml hesablanır (məsələn, 50 kq-lıq bir insan üçün 1.5 litr). Artıq çəkisi olan şəxslər üçün bu hesablamanı dəyişdirmək və orta hesabla gündə 8-9 stəkan su qəbul etmək kifayətdir. Su ən yaxşı səhər acqarına, yeməkdən yarım saat əvvəl və sonra qəbul olunmalıdır.

Sağlam yuxu da insanın ümumi vəziyyətinə birbaşa təsir göstərir. Gecə saat 11-dən səhər 7-8-ə qədər fasiləsiz və dərin yuxu orqanizmin bərpası üçün vacibdir. Gec yatmaq hormon balansını poza, iştahsızlıq və ya həddən artıq yeməyə səbəb ola bilər”.

“Stressdən uzaq durmaq və onu idarə etməyi öyrənmək də sağlam həyatın vacib şərtidir. Davamlı stress sinir və hormonal sistemə mənfi təsir göstərir, bəzi hallarda isə artıq çəkiyə və obezliyə gətirib çıxarır.

Zərərli vərdişlər – siqaret, spirtli içki və digər asılılıq yaradan maddələrdən uzaq durmaq xüsusilə gənc yaşlarda çox vacibdir. Bu vərdişlər orqanizmin inkişafdan qalmasına, reproduktiv sağlamlığın pozulmasına və gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər