Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. SİA xəbər verir ki, “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.


Sonra sahibkarlar Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüb, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Bu gün həmçinin, sahibkarların iştirakı ilə “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə

“Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilir.

Əlaqəli Xəbərlər