“5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq”


Azərbaycanın imzaladığı və icra fazasında olan müqavilələr 2030-cu ilə qədər 6 500 meqavat bərpaolunan enerji verəcək. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

“Müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, 5 ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik”, – deyə o qeyd edib.

Bunda başqa, dövlət başçısı deyib ki, daxili ehtiyaclar üçün enerjiyə qənaət ediləcək: “Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isə odur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir”.

“Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur”, – deyə İ.Əliyev əlavə edib.

Əlaqəli Xəbərlər