“Azərbaycana gəlmək, belə bir hadisəyə şahid olmaq mənim üçün çox sevindiricidir. Biz burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük”.
SİA-nın məlumatına görə, bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ABŞ-dan olan səyyah, hərbiçi Devin Debani Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün qarşımızda duran ən önəmli məqsəd azərbaycanlıların bu torpaqlara geri dönməsinin önəmini vurğulamaqdır. Onlar burada təhlükədə olmadıqlarını hiss etməlidirlər”, – deyə 21 ildir hərbi sahədə çalışan D.Debani əlavə edib.
Qeyd edək ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin – ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçiləri iştirak edir. Heyət 3 gün ərzində Qarabağda və Şərqi Zəngəzurda olacaq. Onlar aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edir.