“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb


“McDonalds” şirkəti Rusiyada “McDonalds” ticarət nişanını qeydiyyatdan keçirmək üçün “Rospatent”ə müraciət edib. SİA xəbər verir ki, ərizə 2024-cü ilin dekabrında verilib, 2025-ci ilin aprelində isə baxılmaq üçün qəbul edilib. Sənəddə qeyd olunur ki, şirkət əmtəə nişanından içki və qida məhsullarının istehsalı və satışı, o cümlədən fast-food, restoran xidmətləri və qida və içkilərin çatdırılması üçün istifadə etməyi planlaşdırır.

Əmtəə nişanının qeydiyyatı “McDonalds”ın Rusiya bazarında brenddən istifadə hüququnu qanuni şəkildə rəsmiləşdirmək istəyini nümayiş etdirir. Bu, şirkətin Rusiyadakı mümkün fəaliyyətinin bərpası istiqamətində ilk addımdır. Faktiki olaraq restoranların açılışı və ya yeni obyektlərinin tikintisi hələ təsdiqlənməyib, lakin brendin qeydiyyatı geri qayıtmaq planlarını müşayiət edir.

Hazırda Rusiyada keçmiş “McDonalds” restoranlarının bazasında yaradılan “Vkusno – i toçka” şəbəkəsi müstəqil şəkildə fəaliyyətini davam etdirir. Baş şirkətlə bütün hüquqi əlaqələr 2022-ci ildə biznesin Rusiya investorlarına satıldıqdan sonra kəsilib.

“McDonalds”ın geri dönməsi təqdirdə, o, mövcud “Vkusno – i toçka” şəbəkəsi ilə paralel olaraq öz brendi altında yeni restoranlar inkişaf etdirə bilər. Gözlənilir ki, “McDonalds”ın Rusiyaya qayıtması prosesi ticarət nişanının qeydiyyatı başa çatdıqdan və təşkilati məsələlərin həllindən sonra 6 aydan 18 aya qədər çəkə bilər.

Bundan əvvəl məlum olmuşdu ki, bir sıra xarici şirkətlər, o cümlədən “Louis Vuitton”, “Kia”, “Hyundai”, IKEA və başqaları öz əmtəə nişanlarını qeydiyyatdan keçirmək üçün ərizələr veriblər. Qeyd edilib ki, bu, müəllif hüquqlarını qorumaq üçün adi bir təcrübədir və gedən heç bir xarici şirkət Rusiyaya qayıtmaq planlarını açıqlamayıb.

Əlaqəli Xəbərlər