Türkiyədə 60-cı Prezidentlik Velosiped Turuna start verilib


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Avropa Turu təqvimində yer alan Prezidentlik Türkiyə Velosiped Turuna start verilib.

SİA xəbər verir ki, bu gün Antalyadan başlayan və mayın 4-də İzmirdə başa çatacaq 8 mərhələdən ibarət turda bu il 13 ölkədən 161 velosipedçidən ibarət 23 komanda iştirak edir.

60-cı dəfə təşkil olunan və ümumilikdə 1153 kilometr məsafəni əhatə edən yarış dünyanın 190 ölkəsində 13 dildə yayımlanır.

Qeyd edək ki, ilk dəfə “Marmara Turu” adı ilə 1963-cü ildə təşkil edilən yarış 1965-ci ildə beynəlxalq status qazanıb. Bu səbəbdən də turun başlanğıc tarixi olaraq 1965-ci il qəbul edilir. Yarış 1966-cı ildən Türkiyə Prezidenti Administrasiyasının himayəsinə alınıb.

2023-cü ildə UCI Avropa Turu çərçivəsində 2.1 kateqoriyasında təşkil edilən yarış 2024-cü ildə yenidən Pro seriyalı yarışlar arasında yer alıb.

Əlaqəli Xəbərlər