Balaxanıda “Xalqa layiqli xidmət” adlı tədbirdə qeyd edilib


Abşeronda neft və qaz hasilatı ilə məşğul olan bir qrup şirkətin rəhbər heyəti “Balakhani Operating Company LTD”-nin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Xalqa layiqli xidmət” adlı tədbirdə iştirak ediblər.

SİA xəbər verir ki, müasir Azərbaycan dövlətinin qurucusunun Vətən qarşısında misilsiz xidmətlərinin səlnaməsini çoxcildli kitablarda qələmə alan Xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundovanın neftçilər qarşısında Ümummilli Liderin həyatına həsr edilmiş mühazirəsi bu təqvimə dəyərli ithaf olub.

Tədbiri giriş sözü ilə açan “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev dahi mütəfəkkirimiz Nizami Gəncəvinin kəlamını xatırladaraq, “xidmət edən insanın həm öz dünyasını, həm də axirətini abad etdiyini” bildirib. Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Azərbaycan dövlətinin memarı hesab edilən Ümummilli Lider Heydər Əliyevdir. O, Vətəninə, xalqına xidmətdə keçirdiyi bütün həyatını doğma Azərbaycanını qurub, abad etməyə həsr edib və haqq dünyasına qovuşduğuna baxmayaraq hələ çox nəslin nümunəsi olaraq qalacaq. “Hasilat şirkətləri olaraq biz, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın neft strategiyasını həyata keçiririk və onun, uzaqgörənliklə hesabladığı kimi, milli sərvətlərimizin xalqın rifahına çevrilməsi missiyasının bir parçasıyıq”,- deyərək Rövşən Rzayev əlavə edib.

Neft sənayesi tariximizin başlanğıc nöqtəsi Balaxanıda, Nobel irsinin xatırlatması olan binada çıxış etməkdən məmnunluğunu ifadə edən Xalq yazıçısı Elmira Axundova isə Heydər Əliyevin xidmət irsini təsvir edən ən geniş həcmli sənədli-bədii-publisistik əsərlərin müəllifi olaraq iş əsnasında 250-dən çox müsahiblə söhbət etdiyini bildirib: “Bunların arasında onu sevənlər də, tənqid edənlər də olub. Amma hamı onda yekdil idi ki, Heydər Əliyev dünya miqyaslı mahir siyasətçi, xalqını böhrandan xilas edən rəhbər və yüksək insani keyfiyyətlərə malik şəxsiyyət idi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin, bəlkə də, ən əvəzolunmazı, onun çətin dönəmdə insanlarda ruh yüksəkliyi yaratması, dövlətə inamı bərpa etməsi idi.”

Jurnalist kimi Heydər Əliyevi bir çox səfərlərdə müşayiət edən Elmira Axundova Ümummilli Liderin gənclərə etimad etdiyi, onların səylərini daim mükafatlandırdığını diqqətə çatdırıb. Bir çox müstəsna cəhətləri ilə yanaşı Heydər Əliyevi cəsarətli və müdrik lider kimi səciyyələndirən onun uzaqgörənliyi, böyük səbri, gözəl natiqlik qabiliyyəti, fenomenal yaddaşı, daim öyrənmək həvəsi və tükənməz həyat eşqi idi. Məhz buna görə o, hələ çox gələcək nəsillər üçün şəxsiyyət nümunəsi olacaq.

“Xalqa layiqli xidmət” adlı tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov da vurğulayıblar ki, zaman bizi Ümummilli Liderdən uzaqlaşdırdıqca onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Heydər Əliyevin sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik tariximizin ən ağır və keçməkeşli mərhələsinin sınaqlarından keçərək özünü doğrulmuş, ictimai-siyasi mühitdə hakim partiya kimi qalaraq ölkəmizin bütün sahələrinin inkişafına töhfə verir və Heydər Əliyev irsini layiqli şəkildə davam etdirir.

Tədbirin sonunda Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildli nəşri müəllifin imzası ilə “Balakhani Operating Company LTD”-nin kitabxanasına hədiyyə edilib.

Əlaqəli Xəbərlər