Öldükdən sonra hansı hadisələr baş verə bilir?


Ölüm insan həyatının ən sirli və qaçınılmaz hadisələrindən biridir. Tarix boyu insanlar bu mövzu ətrafında müxtəlif fikirlər formalaşdırmış, suallar vermiş və cavablar axtarmışlar. Ən çox verilən suallardan biri isə budur: insanlar ölümdən qorxurlarmı? Əslində insanların çoxu bir şəkildə ölümdən qorxur. Bu qorxu fərqli formalarda ortaya çıxır. Bəzi insanlar üçün ölüm, sevdiklərindən ayrılmaq deməkdir. Bəziləri üçün isə həyata bağlı planların, arzuların yarımçıq qalması narahatlıq doğurur. Ən dərin qorxulardan biri isə ölümün tam bir yoxluq olduğu düşüncəsidir. İslam dünya görüşünə görə, ölüm insan üçün bir son deyil, yeni bir aləmin – bərzəx aləminin – başlanğıcıdır. İnsanlar ölümdən qorxur, çünki: dünya sevgisi və axirətə hazırlıqsızlıq getməkdən qorxurlar. İmam Əli (s) buyurur: “Dünya üçün çalışıb axirəti viran qoyan insan, oraya (axirətə) getməkdən qorxar” (Nəhcül-Bəlağə, xütbə 42)”. Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri “Sahib Əzzaman” məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.

Onun sözlərinə görə, insanlarda günah və cavabdehlik qorxusu ən böyük qorxulardan hesab olunur. Bununla bağlı İmam Səccadın (s) dualarında ölüm qorxusu tez-tez vurğulanır. O, ölüm anında əməllərinin hesabından qorxar: “Digər bir qorxu isə təqvasızlıqla bağlıdır. Bununla bağlı isə İmam Cəfər Sadiq (s) buyurub ki, “Ölüm mömin üçün paltarlını dəyişmək, fasiq üçün zəncirlənib cəzalandırılmaq kimidir” (Biharü’l-Ənvar, c.6, s.153).

Bəs öldükdən sonra hansı hadisələr baş verə bilir?

Öldükdən sonra baş verən hadisələrə bunları aid etmək olar. Canın alınması (ihtizar): Ölüm anında mələklər ya rəhmət, ya da qəzəb vəziyyətində gəlir. Quranda buyurulur: “Möminlərin canını mələklər pak halda aldıqları zaman deyərlər: ‘Salam sizə! Etmiş olduğunuz əməllərə görə Cənnətə daxil olun.’” (Nəhl, 32) Qəbir həyatı (Bərzəx): İmam Sadiq (s): “Qəbir Cənnət bağlarından bir bağ, ya da Cəhənnəm çuxurlarından bir çuxurdur” (Biharü’l-Ənvar, c.6, s.214). Münkər və Nəkirin sualları: Qəbirdə insana Allah, Peyğəmbər, İmamlar və Qurana dair suallar verilir. Bu suallara cavab vermək ruhun halını təyin edər. Bərzəx aləmində qalmaq: İnsan Qiyamət gününə qədər bərzəxdə qalır. Bu zaman dilində ünvanına edilən dualar, kəffarələr və savablar onun halını yaxşılaşdıra bilər. Nəticə olaraq ölüm bir yox oluş deyil, ruhun yeni bir aləmdə varlığına davam etməsidir. Ölüm qorxusu bu aləmdəki hazırlıqsızlıqdan, Allah qarşısında hesaba çəkilmə qorxusundan qaynaqlanır. Lakin mömin böyük bir müjdə olaraq ölümə baxar.

Əlaqəli Xəbərlər