Yay aylarında isti havaların təsiri ilə daha çox tərlədiyimiz üçün tər qoxusu daha güclü hiss olunur. Fiziki fəallıq, ağır işlər və yüksək temperatur kimi amillər tər ifrazını artırır və bu da tər qoxusuna səbəb olur. Lakin bu narahatedici haldan qurtulmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz.
Tər qoxusu həm gigiyena, həm də sosial münasibətlər baxımından ciddi bir narahatlıq yaradır. Dezodorant bu problemi tamamilə aradan qaldırmaqda kifayət etmədiyi üçün təbii vasitələrə üstünlük vermək daha faydalıdır. Tər qoxusundan xilas olmaq üçün istifadə edilə biləcək effektiv təbii üsullar aşağıdakılardır:
Limon suyu
Limonun tərkibindəki təbii turşular qoltuqaltı nahiyyəsində bakteriyaların yaranmasının qarşısını alaraq tər qoxusunu azaldır. Bunun üçün təzə limon suyunu pambıq vasitəsilə qoltuq altına çəkmək kifayətdir. Həssas dəriyə sahib olanlar bu metodu tətbiq edərkən diqqətli olmalıdırlar, çünki qıcıqlanma riski mövcuddur.
Aloe vera
Aloe vera bitkisinin təbii geli antibakterial və iltihabəleyhinə təsirə malikdir. Bu vasitə tər əmələgəlməni azaldır. Gel qoltuq altına nazik qat şəklində çəkilir, 30 dəqiqə saxlanıldıqdan sonra həmin nahiyyə yuyulur. Bu üsulun mütəmadi istifadəsi tər qoxusunu aradan qaldırmağa kömək edir.
Alma sirkəsi
Bakteriyaları məhv edən və turşuluğa malik olan alma sirkəsi həssas dərilərdə istifadəsi tövsiyə olunmayan, lakin normal dəriyə sahib şəxslər üçün faydalı bir vasitədir. Pambıqla qoltuq altına çəkildikdə tər qoxusunu əhəmiyyətli dərəcədə azaldır.
Hindqozu yağı
Təbii antibakterial xüsusiyyətə malik olan hindqozu yağı həm də dəridə ton fərqini bərabərləşdirir. Qoltuqaltına nazik qat şəklində çəkildikdə həm tər qoxusunu aradan qaldırır, həm də dərinin sağlam görünməsini təmin edir. Bu üsulu gecə yatmazdan əvvəl tətbiq etmək tövsiyə olunur.
Bu sadə və təbii üsullarla yay aylarında tər qoxusuna qarşı daha təsirli mübarizə aparmaq mümkündür. Unutmayın ki, təbii yollarla sağlam və özünəgüvənli bir həyat sizin əlinizdədir.
Müəllif: Günel Fərzəliyeva