“Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb. Amma indiyə qədər demək olar ki, xronologiya, salnamə, arxiv mədəniyyəti, tarixi yazıya almaq mədəniyyəti demək olar ki, olmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, M.F.Axundovdan başlayaraq biz Avropa tipli arxivşünaslıq, tarixşünaslıq məsələlərinə başladıq: “Axundov da həmişə tənqid edirdi ki, “biz 17 imperiya yaratsaq da, indiyə qədər onlar haqqında çox az kitab yazmışıq” yaxud bizim yaratmış olduğumuz imperiyalar, keçdiyimiz sivilizasiya yolunun tarixini ya ayrı dildə yazıblar, ya da ki, digər xalqların tarixçiləri yazıblar.
Ən adi hərəkət, şəkil sabahın tarixidir. Təəssüflər olsun ki, biz digər millətlərə görə, çox geridə qalmışıq. Hətta biz kitablarımızı belə elektronlaşdırmamışıq. Bu məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi kitabxana.net portalı yaradıb. İndiyə qədər Azərbaycanda çap olunan kitabları, bundan sonra çap olunacaqları çalışırıq ki, orada yerləşdirək. 16-17 minə qədər kitabın elektronlaşdırılmış variantı var.
Toy kasetləri də əlbəttə ki, lazımdır. Məndən olsa, bizim bütün toyların onlayn, “YouTube”, “TikTok”, “Facebook”, “İnstagram” üzərindən yayımı həyata keçirilməlidir ki, digər insanlar da ona baxa bilsin. Toy məişət hadisəsi olsa da, o həm də Azərbaycan xalqının bir dəyəridir. Onu tarixləşdirmək, arxivləşdirmək, gələcək nəsillərə göndərmək çox vacibdir.
18-ci əsrdən üzü bu yana bir-iki rəssamı çıxmaq şərtilə bizdə heç bir rəssamın görüntülü tarixi faktı yoxdur. 1920-ci il Sovet ittifaqına qədər bizdə bu çox zəif inkişaf etmişdi. Bu dövrdə “Molla Nəsrəddin” jurnalı, “Kaspi” qəzeti olmasaydı, bizim o dövrdən görüntülü məlumatımız ola bilməzdi. Toy böyük bir mədəniyyət hadisəsidir və Azərbaycan xalqının indiyə qədər bəşəriyyətə bəxş etdiyi dəyərlərdən biridir. Onu da mütləq kasetə almaq lazımdır”.
“Millət yalnız mitinqlərə çıxan bir milyon adam deyil. Millət insanlardan ibarətdir. Milləti formalaşdıran insanlar, onların adət-ənənələridir. Bunları da mütləq çəkmək, gələcək nəsillərə çatdırmaq lazımdır. Biz ənənələrdən qaçdığımız üçün bu ənənənin məhv olmasına gətirib çıxarır. Hamı sosial şəbəkələrdə əxlaqsızların çəkidiyi videolara baxır, amma öz ata-anasının, elinin toy mərasiminə baxmağa tənbəllik edir. Təssüflər olsun ki, insanlar toyları kasetlərə alır, amma baxmır, bu ənənənin məhv olmasıdır. Beləcə də, bir-birimizi unuduruq, dəyərlərimizi itiririk. Bu, olmasın deyə, mütləq toy kasetləri olmalıdır.
Sevindirici haldır ki, bədiləşdirilmiş formada toylardan parçalar görürük. Bunları hər kəs “YouTube”də, digər platformalarda yerləşdirməlidir. Biz dünyanın müxtəlif ölkələrində yaşayırıq. İstənilən adam həmin toya baxa bilər. Bəzən olur ki, toya insanlar açıq-saçıq paltarlar geyinir, lakin onlar buna diqqət etməlidir. Çünki şadlıq saraylarının müşahidə kameraları, telefonlar çəkir və onlarda bunu bilirlər. Buna görə də, bunlara fikir verilməlidir. Nəzərə almaq lazımdır ki, toy ictimai hadisədir və ora qatılırsınızsa, oradakı çəkilişlərə də razılıq vermiş olursunuz” – deyə o, əlavə edib.