İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam, Şuşa və Xankəndiyə səfər edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, italiyalı parlamentarilər əvvəlcə Ağdam şəhərindəki İmarət kompleksi ilə tanış olublar.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində “Art Cloud Network” (ACN) şirkəti tərəfindən və yerli mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.
İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.
İtaliyalı parlamentarilər sonra Xankəndi şəhərinə gəliblər. Zəfər meydanında olan qonaqlara Xankəndi şəhərində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Xankəndidə “Qarabağ” Unversitetini də ziyarət ediblər.
İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə də gəliblər. Şuşa qalasında, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanında olan nümayəndə heyətinə şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.
Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl təbiət mənzərəsini seyr ediblər.
Qonaqları Milli Məclisin deputatı Azər Kərimli müşayiət edib.