Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
“Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli bir sektordur. Əhalinin ərzağa artan tələbatı su və torpaq resurslarına təzyiqi daha da gücləndirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1,7 milyard hektar torpaq insanların fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Bu torpaqların 60 %-dən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir”, – deyə o qeyd edib.