“Girov anlayışı müəyyən mənada əşyanın tərəflər qarşısında öhdəliklərini ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin Sədri Fariz Əkbərov deyib.
Fariz Əkbərov sözlərinə belə davam edib: “Belə ki, hüquqi yönümdən avtomobil girov qoyulduqda həm girov qoyan şəxs, həm də girovu saxlayan şəxs girovla bağlı hər hansı məsələdə iki tərəfli məsuliyyət daşıyır.
Avtomobili girov qoyaraq kredit götürməyin bir neçə riski var.
– Avtomobilin itirilməsi riski: Kredit öhdəliklərinizi vaxtında yerinə yetirməsəniz (ödəmələrdə gecikmə və ya tam ödəməmək), bank və ya kredit təşkilatı avtomobilinizi müsadirə edə bilər.
– Avtomobilin real bazar dəyərindən daha aşağı qiymətlə dəyərləndirilməsi halında, daha az məbləğ kredit kimi təqdim oluna bilər. B
– Girovlu kreditlərdə faizlər daha aşağı ola bilər, amma bəzi hallarda kredit təşkilatları əlavə rüsum və ya cərimə tətbiq edə bilər ki, bu da ümumi borcunuzu artıra bilər.
– Avtomobil girov qoyulduqda sığorta olunması tələb oluna bilər. Bu da əlavə xərc deməkdir. Bəzən kredit təşkilatları öz şərtlərinə uyğun xüsusi sığorta şirkətləri ilə işləməyi tələb edir.
– Avtomobildən istifadəyə məhdudiyyətlər: Bəzi hallarda, kredit müddətində avtomobili satmaq və ya ona dəyişiklik etmək mümkün olmur, çünki avtomobilin sənədləri kredit təşkilatında saxlanılır.
Əgər belə kredit götürməyi düşünürsünüzsə, şərtləri diqqətlə oxumağınız və müqavilə bağlamazdan əvvəl hüquqi məsləhət almanız tövsiyə olunur”.
Ayşən Vəli