Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür


Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri aparılır. SİA Nepal KİV-ə istinadən xəbər verir ki, bunu mayın 2-də Nepal Prezidenti Ramçandra Paudel tərəfindən qəbul edilən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O vurğulayıb ki, Prezident Paudelin COP29 çərçivəsində ötən ilin noyabr ayında Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni ölçü qatıb.

Prezident Paudel isə Katmanduda Prezident Sarayında (Sheetal Niwas) keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərdə yeni inkişafdan məmnunluğunu ifadə edib.

Nepal Prezidenti gələcəkdə daha geniş əməkdaşlıq üçün iki ölkə arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

2024-cü ilin noyabrında Azərbaycanda keçirilən COP29 konfransında Nepalı təmsil etdiyini xatırladan dövlət başçısı Nepal və Azərbaycan arasındakı münasibətlərin gələcəkdə daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Elnur Məmmədov aprelin 30-dan etibarən Nepalda səfərdədir. Bu çərçivədə həmin gün iki ölkə arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Əlaqəli Xəbərlər