Parisdə 1 May – Beynəlxalq Əmək Günü ilə bağlı keçirilən nümayişdə qarşıdurma yaranıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bir qrup qara geyimli və maskalı şəxslər (Black bloc) Sosialist Partiyasının plakatlarını hədəfə alıblar.
“Bu gün 1 May nümayişində sosialistlər Parisin “Bulvar de l’Hopital” prospektində bayram stendində idilər. Qara geyimli və maskalı şəxslər bizi təhqir etdilər, sonra isə bizə hücum etdilər: bayraqlarımızı və plakatlarımızı cırdılar, təpiklədilər, yumruqladılar, fişənglər atdılar”, – deyə Sosialist Partiyasının sözçüsü Kloe Ridel qeyd edib. Bir nəfərin yerdə sürüklənərək döyüldüyü, bir məmurun da yaralandığı bildirilib.
“Ciddi və qəbuledilməz bir zorakılıq göstərildi. Bu fitnə-fəsad törədənlər zəhmətkeşlərin və solçuların düşmənləridir”, – deyə Milli Assambleyadakı Sosialist Partiyası qrupunun prezidenti Boris Valld “X” sosial şəbəkəsində paylaşım edib və dövlət ittihamçısı ilə əlaqə saxlayacağını deyib.
Sosialist Partiyasının baş katibi Pyer Juve sosial şəbəkə paylaşımında yazıb: “Bayraqları cırmaq, insanları döymək, yaralamaq, siyasi stendi dağıtmaq: bu hərəkətlər ictimai mübarizəni və bu gün qeyd etdiyimiz dəyərləri təhqir edir”.
Polisin məlumatına görə, insident “Bulvar de l’Hopital” prospektində saat 15:00-dan az əvvəl baş verib. Hüquq-mühafizə orqanları siyasi partiyanın binası yaxınlığında məmurlara hücumdan sonra sakitliyi bərpa etmək üçün müdaxilə edib. Bu zaman iki nəfər həbs olunub.