Alman polislər barəsində araşdırma aparılır…


Almaniyanın federal əyalətlərində fəaliyyət göstərən 200-ə yaxın polis əməkdaşı barəsində sağçı ekstremizm şübhəsi ilə araşdırma aparılır.

Sia xəbər verir ki, “Stern” jurnalının və “RTL” telekanalının Almaniyanın 16 əyalətinin daxili işlər nazirliklərinə istinadla yaydığı məlumata görə, hazırda azı 193 polis əməkdaşı barəsində intizam tədbirləri və ya istintaq aparılır.

Şimali Reyn-Vestfaliya, Berlin və Meklenburq-Qərbi Pomeraniya əyalətləri dəqiq rəqəmlər təqdim etmədiyindən real göstəricilərin daha yüksək ola biləcəyi ehtimal edilir. Şimali Reyn-Vestfaliya və Berlin əyalətlərinin müvafiq qurumlarından hazırda təxminən 80 intizam işinin aparıldığı bildirilsə də, bu işləri siyasi kateqoriyalara (“sağ” və ya “sol”) ayırmağın mümkün olmadığı qeyd edilib.

Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman (CSU) məsələ ilə bağlı açıqlamasında hüquq-mühafizə orqanlarının nümayəndələrinin azad demokratik əsas qanuna sadiq qalmalı olduqlarını bildirib. Şimali Reyn-Vestfaliyanın daxili işlər naziri Herbert Reul (CDU) isə ekstremist fikirlərin polis sistemində yeri olmadığını və bu düşüncədə olan şəxslərin dərhal uzaqlaşdırılacağını vurğulayıb.

Araşdırmalara əsasən, 2020-ci ildən bəri əyalətlərdə xidmət edən 570-dən çox polis əməkdaşı haqqında bu mövzuda tədbirlər görülüb.

Əlaqəli Xəbərlər