Metronun “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyalarına şəhər şəbəkəsindən ötürülən yüksəkgərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, qeyd edilən istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.
“Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb. Bakı metrosunun stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”, – deyə məlumatda bildirilir.
16:16
Bakı metrosunun “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb.
SİA-nın məlumatına görə, QSC-dən bildirilib ki, həmin istiqamətdən gələn elektrik təchizatını əvəz edən Bakı Metropoliteninin dizel-generatorları dərhal şəbəkəyə qoşulmaqla, qatarların hərəkəti təmin olunur. Qatarların hərəkətində qismən gecikmələr müşahidə edilir. Bakı Metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.