Şahbuz rayonuna yağan intensiv yağışlar nəticəsində Badamlı qəsəbə və Türkeş kəndlərində yol infrastrukturuna ziyan dəyib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rayon icra hakimiyyətindən bildirilib ki, hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində dərhal tədbirlər görülüb. Şahbuz rayon 3 saylı yol sahəsinin əməkdaşları əraziyə cəlb olunaraq yol örtüyündə yaranmış zədələrin bərpası və sel sularının gətirdiyi lilin təmizlənməsi işlərinə başlayıblar.
Hadisə baş verən əraziyə baxış keçirilib, operativ tədbirlərin görülməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Bildirilib ki, vətəndaşların təhlükəsizliyi və əmlakının qorunması əsas prioritetdir və bu kimi halların qarşısının alınması üçün müvafiq operativ tədbirlər görüləcək.
Hazırda ərazidə bərpa işləri davam etdirilir.