“Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya İsraildən gətiriləcək və Kiyevin Qərb müttəfiqləri də Almaniya və ya Yunanıstandan başqa sistemin göndərilməsini müzakirə edirlər.
SİA xəbər verir ki, bu barədə bazar günü, mayın 4-də “The New York Times” adları açıqlanmayan ABŞ-ın indiki və keçmiş rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemi təmirdən sonra İsraildən Ukraynaya göndəriləcək.
Eyni zamanda, nəşrin həmsöhbətləri ABŞ prezidenti Donald Trampın Ukraynaya daha çox Patriot göndərmək qərarına münasibətini aydınlaşdırmaqdan imtina ediblər.
Onlar həmçinin bu qərarın dəqiq nə vaxt – ABŞ-ın əvvəlki prezidenti Cozef Baydenin administrasiyası dövründə və ya Trampın Ağ Evə qayıtmasından sonra qəbul edildiyini şərh etməyiblər.
“The New York Times”-ın qeyd etdiyi kimi, Ukraynada hazırda səkkiz “Patriot” sistemi var, lakin yalnız altısı işləyir, digər ikisi təmirdədir.
Yeni tədarükləri nəzərə alsaq, onlardan on ədəd ola bilər. Jurnalistlər onu da qeyd ediblər ki, qaydalara əsasən, ABŞ Amerikanın “Patriot” raket sistemlərinin Ukraynaya çatdırılmasına, hətta başqa ölkələr vasitəsilə göndərilsə belə, razılıq verməlidir.
Əli Babayev