Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir


Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir.

SİA-nın məlumatına görə, Dövlət Turizm Agentliyindən bildirilib ki, mayın 8-dək davam edəcək sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub.

Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilib, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilib.

Bundan əlavə, mayın 5-6-da İsrailin Hayfa və Təl-Əviv şəhərlərində silsilə təbliğat tədbirləri təşkil edilib.

B2B formatlı görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB), “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 12 yerli tərəfdaş təmsil edib.

Təbliğat tədbirləri çərçivəsində Hayfada 40, Təl-Əvivdə isə 65 yerli turizm nümayəndəsi ilə görüşlər keçirilib, təqdimatlar, media brifinqi, eləcə də şəbəkələşmə tədbiri təşkil olunub.

Təl-Əvivdə keçirilən tədbirdə Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfiri Muxtar Məmmədov və İsrail Turizm nazirinin müşaviri Peleg Levi iştirak edib.

Əlaqəli Xəbərlər