İkinci Dünya Müharibəsində Qələbə Günü sovet və rus xalqlarının tarixində böyük və müqəddəs bayram hesab olunur. Bu bayram hər il may ayının 9-da qeyd olunur. 2025-ci ildə Qızıl Ordunun nasist Almaniyası üzərində tam və qeyd-şərtsiz qələbə qazanmasından düz 80 il keçir. Bu müddət ərzində 9 may tarixi, onun simvolları və adət-ənənələri haqqında kifayət qədər məlumat var.
Qələbə gününün tarixi
1945-ci il mayın 9-da Qızıl Ordu Berlində tarixi qələbəyə imza atdı. Uğurlu hücum əməliyyatı mayın 2-də başa çatdı və bir həftə sonra Almaniyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Moskva vaxtına çevrildikdə, bu, mayın 9-da gecə yarısından təxminən bir saat sonraya təsadüf edirdi.
Maraqlıdır ki, Almaniyanın qeyd-şərtsiz təslim olması aktı ilk dəfə mayın 7-də Mərkəzi Avropa vaxtı ilə saat 02:41-də Fransanın Reyms şəhərində imzalanıb. Müqavilə Vermaxtın yüksək komandanlıqlarının nümayəndələri, Qərb Müttəfiqləri və SSRİ arasında bağlanıb. “Lakin Stalinin tələbi ilə mayın 8-dən 9-na keçən gecə Berlinin Karlsxorstunda kapitulyasiyaya ikinci dəfə imza atılıb”, deyə M.V Lomonosov adına Moskva Dövlət Universitetinin politoloqu Artem Kosorukov bildirib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 may 1945-ci il tarixli fərmanından sonra Qələbə günü rəsmi bayram statusu alıb. Məşhur diktor Yuri Levitan isə həmin gecə Sovet vətəndaşlarına çoxdan gözlənilən qələbə haqqında məlumat verib. 1945-ci il mayın 9-u milli şənlik və bayram gününə çevrilib. Həmin gün hər yaşda olan insanlar yaşadıqları şəhərlərin küçələrinə çıxaraq müharibənin başa çatmasını qeyd edirdilər. O gün Sovet İttifaqının hər yerində bayram şənlikləri keçirildi və axşam saatlarında Xalq Komissarları Sovetinin sədri İosif Stalin həmvətənlərinə müraciət də etdi. Mərasim nitqi rəngarəng atəşfəşanlıqla başa çatdı.
Qələbə günü 1946 və 1947-ci illərdə dövlət səviyyəsində qeyd olundu. Yalnız bundan sonra 20 il ərzində 9 May günü daha kiçik miqyasda olsa da, hələ də qeyd olunurdu. Qələbə gününün tarixində mühüm mərhələ 1965-ci il oldu. Həmin il bütün İttifaqda 20 illik yubileyə hazırlıq gedirdi. Həmin gündən etibarən 9 May yenidən istirahət gününə çevrilərək, hərbi parad, atəşfəşanlıq və digər adət-ənənələrlə öz milli bayram statusunu bərpa etdi.
Bayramın mənası
İkinci Dünya Müharibəsində Qələbə Günü təkcə müasir dövrün ən qanlı döyüşlərindən birinin başa çatması şərəfinə bayram hesab olunmur. Bu gün, həm də qəhrəmanlıq, hərbi şücaət və şərəf bayramı kimi qeyd olunur və düşmən üzərində qələbəni təmin edən birliyin nə qədər vacib olduğunu hər kəsə xatırladır. Məhz birlik sayəsində, yalnız birləşməklə düşmənə qalib gəlindiyini hər il yada salır, bir daha bununla bağlı hafizələri təzələyir. Qələbə günü insanlar birliyin nə qədər vacib olduğu qənaətinə bir daha gəlirlər. Müharibədə, döyüşdə qələbəni təmin edən məqamlardan birinin, hətta birincisinin də məhz birlik olması məhz həmin gün, qələbə günü bir növ təkrarən yada salınır.
Mayın 9-da insanlar eyni zamanda, müharibənin bütün dünyada insanların başına gətirdiyi dəhşətləri, vəhşilikləri bir daha yada salırlar. Bu gündə müharibənin səbəb olduğu fəlakətlər, müharibənin iztirabları, ağrıları yenidən xatırlanır. Belə bir vəhşiliyin, belə dəhşətlərin, iztirabların, əzabların, ağrıların, sıxıntıların təkrarlanmaması üçün qəhrəmanların xatirəsini ehtiramla yad etmək və İkinci Dünya Müharibəsi hadisələrinin xatirəsini qorumaq vacib hesab olunur. Əslində, həqiqətən də müharibənin arzuolunmaz olduğuna əmin olmaq, sülhün qədrini bilmək üçün belə bir bayramın keçirilməsi doğrudan da çox əhəmiyyətlidir. Hətta əvəzsizdir desək, yenə də yanılmarıq.
Qələbə günü ənənələri
1945-ci ilin mayında Böyük Qələbənin ilk bayram günü konsertlər, çıxışlar və geniş miqyaslı şənliklərlə qeyd olundu. Zaman keçdikcə, həmin gün daha təntənəli şəkildə qeyd olunmağa başladı və Qələbə Günü bu vaxta qədər bayramın məcburi atributu hesab olunan öz ənənələrini və simvollarını qoruyub saxladı.
Yaxşı xatırlayırıq ki, hər il, xüsusən də Sovet İttifaqının mövcud olduğu illərdə 9 may günü Böyük Qələbə şərəfinə parad keçirilib və bu ənənə hələ də davam edir. Bir çoxumuz üçün Qələbə Günü yaddaşlara məhz Qızıl Meydanda təntənəli şəkildə keçirilən parad olaraq həkk olundu. Doğrudur, ilk parad 1945-ci il mayın 9-da yox, 24 iyun tarixində baş tutdu. Sənədli materiallardan da xatırlayırıq ki, yürüşə məşhur sovet marşalı Konstantin Rokossovski komandanlıq etdi, paradı qəbul edən isə Ali Baş Komandanın müavini Georgi Jukov oldu.
Növbəti parad cəmi 20 il sonra, bütün ölkə Böyük Qələbənin ildönümünü qeyd etdiyi vaxt baş tutdu. 1965-ci ildə Qələbə Bayrağı Qızıl Meydana daşındı, hansı ki, bu, bir vaxtlar Sovet əsgərlərinin Reyxstaqın günbəzində quraşdırdıqları ilə eyni idi. Bir neçə onilliklər ərzində 9 May paradı mərasim proqramının məcburi hissəsi oldu. O, yəni qələbə gününün qeyd olunması yalnız 1985-ci ildə Qələbənin 40 illiyində yubiley şərəfinə təşkil olunub. Elə məhz 1990-cı ildə də eyni şəkildə olub və qələbənin yubileyinə görə daha təmtəraqlı keçirilib.
1995-ci ildən Böyük Qələbə Paradı artıq fasiləsiz olaraq hər il keçirilir
İkinci Dünya müharibəsində həlak olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ənənəsi 1965-ci il mayın 9-da qoyulub. Ölkədə faşizm üzərində Qələbənin ildönümü qeyd edilən zaman televiziyada “Bir dəqiqəlik sükut” verilişi yayımlanıb. O vaxtdan bəri bu adət təkcə hər Qələbə Gününü deyil, həm də ölkə tarixindəki bütün faciəli hadisələri “müşayiət” edib.
SSRİ-də ilk dəfə olaraq “Əbədi məşəl” o zamankı Leninqrad şəhərində “İnqilab döyüşçüləri” abidəsinin yaxınlığında alovlandırılıb. Bu, 1957-ci ilin payızında baş verib. O vaxtdan bəri “Əbədi məşəl” öz torpaqları uğrunda canlarından keçmiş əsgərlərin şücaətlərinin parlaq xatirəsini yaşatmaqdadır.
Məhz Leninqrad məşəli Rusiyanın qəhrəman şəhərlərində Böyük Qələbənin xatirəsinə əbədi məşəl yandırmaq üçün dəfələrlə istifadə edilmişdir. Belə ki, 1967-ci ildə Moskvada Naməlum Əsgər məqbərəsindəki Əbədi Məşəl alovlandırılıb. Bu gün Əbədi məşəl İkinci Dünya Müharibəsi illərinə həsr olunmuş bir çox abidələri bəzəyir.
Unudulmaz atəşfəşanlıq
Böyük Qələbəni qeyd edən ilk atəşfəşanlıq 1945-ci ildə Moskvada olub. Mayın 9-da axşam saatlarında min topdan 30 artilleriya atəşi açılıb və paytaxtın səması projektorların parlaq şüaları ilə işıqlandırılıb. Ənənə səbəbsiz ortaya çıxmayıb. Müharibə illərində atəşfəşanlıq çayların keçilməsi, SSRİ respublikalarının paytaxtlarının azad edilməsi və dövlət sərhədinə giriş kimi, hərbi salnamələrdə əlamətdar hadisələri qeyd etmək üçün istifadə olunub.
9 May şərəfinə atəşfəşanlıq Qələbə gününün iş günü olduğu o illərdə belə bayramın tərkib hissəsi olaraq qalıb. Rəngarəng atəşfəşanlıq təkcə Moskva və o zamankı Leninqrad şəhəri üzərində deyil, bir çox digər qəhrəman şəhərlərdə də olub. Bir sözlə, atəşfəşanlıq çox zaman əlamətdar hadisələrdə olduğu kimi, eyni ilə parad zamanı da istifadə olunub və bu fakt özü belə paradın çox əlamətdar olduğunu göstərir və elə həmin o dövrdən etibarən də atəşfəşanlıq hər il qələbə günündə müşahidə edilib.
Xatırladaq ki, bu il də eyni tarixdə, 9 may tarixində Moskvada Böyük Qələbənin 80 illiyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçiriləcək.