“Bu gün 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümüdür. Bəlli olduğu kimi həmin illər gedən qanlı müharibədə, o cümlədən faşizm üzərində əldə edilən qələbədə Azərbaycan xalqının da mühüm və tarixi rolu olub. Bununla bağlı çoxsaylı tarixi faktlar var və mən onları təkrar sadalamaq istəmir. Lakini iki məqam var ki, onun üzərində xüsusi olaraq dayanmalıyıq”.
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Azəri deyib.
Onun sözlərinə görə, bunlardan biri müharibədə tarixi qələbənin əldə edilməsində insan faktoru ilə bağlıdır: “Məlumat üçün bildirim ki, həmin müharibə illərində faşizmə qarşı döyüşlərdə iştirak etmək üçün Azərbaycanın 600 min nəfərdən çox vətəndaşı cəbhəyə gedib. Bu isə həmin vaxt Azərbaycan əhalisinin təxminən 20 faizi demək idi. Özü də bu qədər insan sadəcə döyüşə yollanmayıb, misilsiz qəhrəmanlıqlar göstərib. Bununla bağlı kifayət qədər yazılıb və deyilib”.
N.Azəri bildirib ki, digər məqam isə Bakı nefti ilə bağlıdır: “1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft çıxarılıb və bu, ümumilikdə Sovet İttifaqında hasil olunan neftin 71,4 faizini təşkil edib. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsində qələbəsində mühüm rol oynayıb. Ümumiyyətlə, Azərbaycan, o cümlədən paytaxt Bakı müharibədə əldə edilən qələbədə xüsusi və tarixi rol oynayıb. Lakin təəssüflər olsun ki, sovet rəhbərliyi Bakıya Qəhrəman şəhər adı verməkdə qısqanclıq edib”.
N.Azəri onu da bildirib ki, Azərbaycan dövləti İkinci Dünya müharibəsinin iştirakçılarına hər zaman xüsisi ehtiram, diqqət və qayğı ilə yanaşıb: “Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bundan başqa hər il Qələbənin növbəti ildönümü münasibətilə İkinci Dünya müharibəsində Azərbaycanda iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar edilir. Bu il də ənənəyə sadiq qalındı. Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncama əsasən İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları 1250 manat məbləğində birdəfəlik maddi yardım ödənilib”.
Ayşən Vəli