Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. SİA xəbər verir ki, kənd sakinlərini salamlayan Prezident İlham Əliyev dedi: Kəngərliyə xoş gəlmisiniz.
Sakinlər: Sağ olun. Bu günün qəhrəmanı, Siz xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Sizi təbrik edirəm, Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Siz uzun illər ağır şəraitdə – ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.
Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi – hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik.
Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bu gün səhər Ağdam vağzal kompleksinin açılışını etdim. Bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışı olacaq. Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
Köçkünlər ən çətin şəraitdə yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, – onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, – həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq.
Sakin: Bu günə çox şükür.
Prezident İlham Əliyev: Bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür. Bilirəm, sizdə də, bizdə də – bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik. Siz – yaşlı nəslin nümayəndələri sovet dövrünü xatırlayırsınız. O vaxt sizin yanınızda yaşayan, bizim torpaqlarımıza çar Rusiyası tərəfindən köçürülən ermənilər bizə, xalqımıza, xüsusilə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlılara mənfi münasibət göstərirdilər, həm Xocalıda, həm Şuşada onlar mənəvi əzab çəkirdilər.
Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.
Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış – hamınız birlikdə bu bölgəni – Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq.
Sizi təbrik edirəm, cansağlığı arzulayıram. Burada xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun.
x x x
Sonra açarların təqdim edilməsi mərasimi oldu.
x x x
Sakin: Möhtərəm Prezident, bir arzum var və Sizə çatdırmaq istəyirəm.
Prezident İlham Əliyev: Buyurun.
Sakin: Əlbəttə ki, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük. Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun.
Sakinlər: Amin!
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Sakin: Hörmətli Prezident, icazə verin, mən ürək sözümü deyim.
Prezident İlham Əliyev: Bəli, əlbəttə, buyurun. Kimin sözü varsa, buyursun.
Sakin: Mən Kəngərlinin yaşlı sakiniyəm, 76 yaşım var. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Sakin: Onun fəaliyyəti dövründə mən ən yaxşı, mükəmməl müəllimlik dövrümü yaşamışam. Əməkdar müəllim kimi iş təcrübəm respublikada yayılıb və bu gün fəxr edirəm ki, onun varisinin, bu günün qəhrəmanının qarşısında mən söz demək qüruru keçirirəm. Allah Sizə cansağlığı versin.
Sakinlər: Amin!
Sakin: Müqəddəs kitabımız “Qurani-Kərim”də belə bir ayə var: “Salam olsun doğru yolun yolçularına”. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi Siz çox ləyaqətlə yerinə yetirdiniz, tarix yazdınız, möcüzələr qurdunuz, bütöv Azərbaycanı. Eşq olsun Sizə!
Prezident İlham Əliyev: Hamımız birlikdə bunu etdik, hamımız birlikdə!
Sakin: Mən bir ana məhəbbəti ilə, müəllim şəfqəti ilə bu doğru yolun yolçusuna, bu günümüzün qəhrəmanına Dədə Qorqud qopuzundan qopub gələn bir el alqışı diləmək istəyirəm. Arxanızda el dayansın, “El gücü, sel gücü” deyiblər. Nəsibiniz el alqışı olsun. El alqışı kəsərli olar və bir də qüdrətli Allahın gözəl kəlamı ilə salam olsun doğru yolun yolçusuna.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Sizə böyük uğurlar, ailə səadəti və ailəlikcə Azərbaycanın, cənnətə döndərdiyiniz Azərbaycanın, bütöv Azərbaycanın, bütün güllü-çiçəkli dağlarında, bağlarında, sularında gəzdikcə Allah, Xudavəndi-aləm Sizə uzun ömür, cansağlığı və alınaçıqlığı versin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Həmişə qalib “dəmir yumruq” yerindədir, Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Yerindədir, çox sağ olun.
Sakin: Cənab Prezident, Ağdamın Pirhəsənli Kəngərlisinə xoş gəlmisiniz. Biz bu yolu çox gözləyirdik və Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində 44 gün ərzində torpaqlar azad olundu, biz yaşlı nəslin ömrünü göydə Allah uzatdı, yerdə Siz. Bu kəndin 2600 nəfər əhalisi var. Başda mən olmaqla, əli silah tutanların hamısı Sizin əsgərinizdir.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Allah Sizi qorusun, Allah Sizin kölgənizi Azərbaycan xalqının başının üstündən əskik etməsin.
Sakinlər: Amin.
Sakin: Siz Allahın bizə göndərdiyi bir əmanətsiniz. Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Yoldaşım da odur, bir xatirə şəkli çəkdirək.
Prezident İlham Əliyev: Gəlsin, hamımız çəkdirək.
Sakin: “Qarabağ şikəstəsi” deyərdim, feyzyab olun.
Prezident İlham Əliyev: “Qarabağ şikəstəsi” bu gün Muğam Mərkəzinin açılışında səslənəcək.
Sakinlər: Allah qoysa. Allah Sizi həmişə toyda, bayramda – belə məclislərdə eləsin.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Sonra şəkillər çəkdirildi.
x x x
Sakin: Möhtərəm Prezident, Qarabağ Universitetinin ilk tələbəsidir.
Digər sakin: Bu, mənim nəvəmdir.
Prezident İlham Əliyev: İdmançıdır, hansı idman növü?
İdmançı: Alpaqut Turan Türk döyüş sənəti, əlbəyaxa döyüş.
Sakin: Dörd dəfə dünya çempionu olub.
Prezident İlham Əliyev: Maşallah.
Sakin: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: İlham müəllim, mənim bir ürək sözüm də var.
Prezident İlham Əliyev: Buyurun, əlbəttə.
Sakin: Bu gün bu möhtəşəmliyə rəng verən Ulu Öndərimiz Heydər Əliyevin doğum günüdür. Allah Sizi qorusun! Onun ruhu bu saat bax, bu təntənəni seyr edir.
Prezident İlham Əliyev: Elədir.
Sakin: Onun vəsiyyəti yerinə yetirilmişdir, şəhidlərin qisası alınmışdır. Allah onlara rəhmət eləsin.
Prezident İlham Əliyev: Amin.
Sakin: Heydər Əliyev gözümüzün qabağında müdriklikdən müqəddəsliyə ucaldı və müqəddəslər kimi ölümsüzlüyə qovuşdu, göylərə çəkildi. Onun ruhu həmişə bu müvəffəqiyyətləri seyr edir, bilir, fəxr edir. Onun Sizin kimi varisi var, Allah qorusun. Onun vəsiyyətini bir övlad kimi, Prezident kimi yerinə yetirdiniz. Üç-dörd ay bundan əvvəl buraya gəldim. Hələ onda bünövrə qoyulmamışdı. Dağıdılmış evlərə, daş-kəsəyə baxanda fikirləşdim, bunu necə təmizləmək olar ki, burada ev tikəsən. Budur, Kəngərli gülzara çevrilib. İndi Kəngərlidə mənim kimi yaşlı tək-tük adam var. Hazırda buraya köçən adamların demək olar ki, hamısı mənim şagirdim olub. Şəhidlərimizə Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Sakin: Kəngərlilər adından Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzulayıram.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Həmişə fikir vermişik, başqa prezidentlər çıxışlarını vərəqdən oxuyurlar, Siz isə şifahi danışırsınız. Həmişə başın ucadır, alının açıqdır, bütöv Azərbaycan yaratdın, möcüzələr yaratdın qardaş, möcüzə, Allah qorusun!
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Sağ olun. Mayın 10-u, təbii ki, mənim üçün, Azərbaycan xalqı üçün əziz bir gündür. Hesab etdim ki, mən məhz bu gün burada olmalıyam, mayın 10-da biz bu mərasimi keçirməliyik – həm Kəngərli kəndinin, həm Muğam Mərkəzinin açılışını. Əlbəttə, başqa gün də ola bilərdi. Ancaq siz də tamamilə haqlısınız. Ulu Öndər Heydər Əliyev başda olmaqla bizim bu günümüzü görməyənlərin hamısının ruhları bu gün bu dağlarda, bu səmada dolaşır. Onların ruhlarını şad elədik. Allah şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Sizin kimi müəllimlər, igid gənclər yetişdirmisiniz. O gənclər ki, gedib sinələrini qabağa verib torpaqlarımızı düşməndən azad etdilər. Bu, tarixi hadisədir və bugünkü dünyada gedən prosesləri hər birimiz izləyirik. İndi internet dövrüdür, hər bir məlumatı dərhal tapmaq mümkündür. Bizim qədər qələbəyə layiq olan ikinci xalq bəlkə də yox idi. Çünki biz 30 il bu günü gözləyirdik. Nəinki gözləyirdik, biz hər gün hər birimiz o günü yaxınlaşdırırdıq. Prezident, Ali Baş Komandan kimi mənim, siz vətəndaşların, ordumuzun, müəssisələrdə çalışanların – bizim hamımızın bütün səyləri, bütün amalı bir ideya uğrunda birləşmişdi: bu torpaqları, doğma diyarımızı mənfur düşməndən azad etmək! Bunun yeganə yolu var idi, ancaq döyüş meydanında. Çünki bütün başqa yolları biz sınadıq, çalışdıq. Nə qədər çalışdıq, Ermənistan rəhbərliyini inandıraq ki, bu torpaqlardan öz xoşu ilə getməlidir.
Mən dünən gəldim buraya. Xatırlayırdım, biz 2018-ci ilin noyabr ayında Quzanlıda Muğam Mərkəzi açdıq. O vaxt yadınızdadır, Quzanlını biz Ağdam rayonunun mərkəzi elan etdik. Orada Ağdamdan və digər bölgələrdən olan bizim tanınmış ziyalılarla görüş zamanı demişdim ki, Ermənistan torpaqlarımızı azad etməlidir. Demişdim ki, biz gec-tez ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, eşitmədilər bizi. Ona görə bizim tarixi Zəfərimiz artıq dünyada bir möcüzə kimi qəbul edilir. Çünki bu, mütləq və tam Qələbədir. Nə o Qələbəyə qədər onilliklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur. Bax, mən bunu sizə açıq deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var, təbii olaraq, amma hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz bu nədir?!
Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində – çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub.
Sakin: Allahın qüdrəti köməyiniz olsun.
Prezident İlham Əliyev: Biz bundan sonra ancaq və ancaq qalib xalq kimi yaşayacağıq, bu torpaqlarda əbədi yaşayacağıq və xoşbəxt yaşayacağıq.
Sakin: Haqdan yanan çıraq heç vaxt sönməz. Sağ olun.
x x x
Sakinlərdən biri muğam ifa edir.
x x x
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Qarabağ bülbüllərindəndir.
Prezident İlham Əliyev: Bu gün Muğam Mərkəzinin açılışında da konsert olacaq. Həm Sarıcalıdan, həm Kəngərlidən vətəndaşlar dəvət olunub. Ona görə sizin bəziləriniz orda iştirak edəcəksiniz. Bir daha təbrik edirəm.
Sakin: Mənim ürəyimdə bir söz var, oraya qədər deyim. Sizin çox gözəl kəlamınız var. Hər bir vətəndaşın Prezidenti olacağam.
Prezident İlham Əliyev: Bəli, onu 2003-cü ildə demişdim.
Sakin: Mübarək ad gününüzü xalq arasında keçirirsiziniz. Bu gün isə Ulu Öndərimizin, – qəbri nurla doldursun, – ad günündür. Eyni zamanda, mənim də ad günümdür, sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin.
Prezident İlham Əliyev: Təbrik edirəm. Sağ olun.