ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox olan sazişlər və investisiya öhdəlikləri paketi imzalayıb.
Ağ Ev bildirib ki, bu, ölkələr arasında əməkdaşlıq tarixində ən böyük iqtisadi sövdələşmədir.
SİA xəbər verir ki, razılaşmaların imzalanma mərasimi Ər-Riyadda mayın 13-də Səudiyyə Ərəbistanına gələn ABŞ prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub.
Tərəflər strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək barədə razılığa gəliblər. Razılaşmalara əsasən, Səudiyyənin DataVolt şirkəti ABŞ-da məlumat mərkəzlərinin və enerji infrastrukturunun tikintisinə təxminən 20 milyard dollar sərmayə qoyacaq.
Öz növbəsində Amerikanın GE Vernova korporasiyası Səudiyyə Ərəbistanına 14,2 milyard dollar dəyərində qaz turbinləri və enerji avadanlıqları tədarük edəcək.
Mayın 14-də ABŞ prezidenti Qətərə, mayın 15-də isə BƏƏ-yə səfər edəcək. Bu, cənab Trampın ikinci müddətinin başlamasından bəri ilk uzunmüddətli xarici səfəridir.
Axios yazıb ki, Donald Tramp Fars körfəzi ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamaq niyyətindədir.
Əli Babayev