Bakının bir sıra rayonlarındakı bəzi bina və parkları bəzəyən, xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur. SİA xəbər verir ki, əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.
Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə işlər həyata keçirilib, bir sıra ünvanlarda bu mozaikalar bərpa olunub.
Aparılan bərpa işləri artıq Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən müəssisənin qarşısında və Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsindəki Suraxanı Dəmiryolu keçidinin qarşısında yekunlaşıb.
Hazırda işlər digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.