…Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Ermənistan Rusiya silahlarını almaqdan imtina edərək Hindistan və Fransadan silah almağa başlayıb. Belə ki, 2022-2023-cü illərdə İrəvan Nyu Dehli ilə 1,5 milyard dollardan çox, Parislə 2023-2024-cü illərdə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. Eyni zamanda, Ermənistanın Rusiya ilə 400 milyon dollarlıq sonuncu müdafiə müqaviləsi hələ 2021-ci ildə imzalanıb və hələ də tam icra olunmayıb.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Beynəlxalq İşlər Şurasının (RİAC) “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatında deyilir.
…O cümlədən, Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəş sistemləri, 155 mm-lik ATAGS artilleriya qurğuları, ZADS pilotsuz uçuş sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri, habelə Rusiya lisenziyası ilə istehsal olunan “Konkurs” tank əleyhinə raket kompleksləri alıb.
Fransa da öz növbəsində respublikanı üç GroundMaster 200 radarı, Mistral 3 portativ zenit-raket kompleksləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təmin edəcək.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SPIRI) məlumatına görə, 2011-2020-ci illərdə Ermənistanın silah idxalında Rusiyanın payı 94 faiz olub.
…Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, 2024-cü ilə qədər bu, 10 faizə düşüb. Hindistan və Fransadan silah tədarük etməklə İrəvan Rusiyadan siyasi asılılığını azaldır.
Politoloq və Qafqaz üzrə mütəxəssis Artur Atayevin sözlərinə görə, bu, uzunmüddətli strategiyadır, lakin bu, Moskva ilə hərbi sahədə münasibətlərin yekun olaraq kəsilməsini nəzərdə tutmur.
İMEMO RAS-ın Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Priçtin qeyd edir ki, Fransa və Hindistan silahları Ermənistan ordusundakı Rusiya və Sovet hərbi texnika parkını tam əvəz edə bilməyəcək, ona görə də təchizatın diversifikasiyası tendensiyası daha çox siyasi əhəmiyyət kəsb edir. …Ermənistan hərbçiləri hələ də KTMT standartlarına riayət edir və Gümrüdə Rusiya hərbi bazasının olması Moskva ilə İrəvan arasında əməkdaşlıq üçün bir bağ olaraq qalır. Ona görə də Ermənistanın silah bazarında Rusiyanın payı gec-tez bərpa olunacaq.
Bunu da Priçtin deyir.
Əli Babayev