“Gənclərin aqressivləşmə səbəbləri müxtəlifdir. Mən bunu həm baxdıqları filmlər, oynadıqları oyunlar, içdikləri energetik içkilər və yedikləri yeməklərlə əlaqələndirirəm. Bəzən biz buna “nəzarətsiz qalmış uşaqlar sindromu” deyirik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, uşaqlarda elə nəzarətsizlik olur ki, xüsusən çətin tərbiyə olunan uşaqlarda bu daha çox nəzərə çarpır: “Gördüyünüz kimi, məktəbli tərbiyəli, dərs oxuyan bir uşaq olur, amma başqaları tərəfindən döyülüb, öldürülür. Təəssüf ki, uşaqlarda paxıllıq, qısqanclıq hissi olur və bunu müəllim məktəbdə, sinifdə hiss etməlidir. Bu hadisələr bir anda baş vermir – zamanla formalaşır.
Valideynlər uşaqlarında baş verən dəyişikliklərə, fərqliliklərə fikir vermirlər. Uşaq aqressivləşir və valideynlər bu aqressiyanın qarşısını almaq üçün heç bir addım atmırlar. Nəticədə isə faciəvi hadisə – ölüm – baş verir. O zaman valideynlər başlayırlar münasibətləri araşdırmağa. Fikrimcə, burada ən böyük günah valideynlərin üzərinə düşür. Valideynlər övladlarına nəzarət etməlidirlər. Çətin tərbiyə olunan uşaqları qəbul edib, onlara psixoloji dəstək göstərməlidirlər. Əks halda, uşaq ciddi psixoloji vəziyyətə gəlib çıxır.
Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi yanaşma olmalıdır. Bu vəziyyət ciddi şəkildə cəmiyyətə təsir edir. Aqressiyanın əsas səbəbləri sosial şəbəkələr, nəzarətsizlik, zorakı və aqressiv oyunlar, qeyri-sağlam qidalanma və psixoloji maarifləndirmənin olmamasıdır”.