II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələr keçirilir


Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirələr davam edir. SİA xəbər verir ki, forum Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində keçirilir. Panel müzakirələrdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər, ali təhsil və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri, eləcə də aqrar sahədə ixtisaslaşmış özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumun ilk günündə “Süni intellektin aqrar sahədə tətbiqi”, “Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli”, “Aqrar sahədə kooperasiya ekosisteminin və sahibkarlığın inkişafı”, “Aqrar sahədə qadınların rolu: dəstək mexanizmləri və təşəbbüslər” mövzularında panel sessiyaları keçirilib. “Süni intellektin aqrar sahədə tətbiqi” panelində rəqəmsallaşma və süni intellekt texnologiyalarının kənd təsərrüfatı istehsalına və idarəetməyə təsiri ətraflı şəkildə müzakirə olunub. “Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli” panelində isə aqroparkların regionların iqtisadi inkişafındakı rolu, idarəetmə mexanizmləri və investisiya cəlbediciliyi kimi mövzular ön plana çıxarılıb.

Forumun ikinci hissəsində keçirilən “Aqrar sahədə kooperasiya ekosisteminin və sahibkarlığın inkişafı” panelində kənd yerlərində kooperativ modellərin gücləndirilməsi, fermerlərə dəstək alətləri və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi istiqamətində ideyalar bölüşülüb. “Aqrar sahədə qadınların rolu: dəstək mexanizmləri və təşəbbüslər” adlı panel müzakirəsində isə kənd qadınlarının aqrar sektorda iştirakının artırılması, onların sosial-iqtisadi fəallığının yüksəldilməsi və mövcud dəstək proqramlarının əhəmiyyəti müzakirə edilib.

II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirələr sabah davam etdiriləcək.

Əlaqəli Xəbərlər