Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “TMI-6” barjı əsaslı təmir edilib. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.
Təmir zamanı üzən vasitə tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsində, barjın daxili bölmələrində və göyərtəsində zədələnmiş sahələr dəyişdirilib. Həmçinin gövdənin qorunması üçün metal qoruyucu tirlər, eləcə də dib-yan armaturları və lövbər zəncirləri təmir edilib, sualtı və suüstü hissə obraziv qumla təmizlənərək rənglənib.
“TMI-6″nın lövbər bucurqadının elektrik mühərrikləri və idarəetmə sistemləri sazlanıb, baş göyərtə, ballast və quru çənlər təmizlənib, barj üzrə ümumi rəngləmə işləri yerinə yetirilib.Təmir bitdikdən sonra barj heyət üzvlərinə və müvafiq təsnifat cəmiyyətinə təhvil verilib. Üzən vasitə dəniz sınağından uğurla keçib.