Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.
SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla X.Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının axırlarında Sabunçu rayonunun Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabrın 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
2000-ci il iyulun 1-də Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunaraq barəsində beynəlxalq axtarış elan edilmiş X.Tağıyev bu il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub, növbəti gün ona rəsmi ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.