Azərbaycan BMT-nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib


Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti adından BMT-nin Cenevrə bölməsinin Kitabxanası və Arxivinə maliyyə ianəsi təqdim olunub. Eyni zamanda, kitabxanaya Azərbaycanın tarixi və mədəniyyətinə dair nəşrlərdən ibarət kitablar da hədiyyə edilib.

SİA xəbər verir ki, kitabları təqdim edən Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Qalib İsrafilov nümayəndəlik ilə kitabxana arasında uzun illər ərzində formalaşmış səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Səfir bildirib ki, Azərbaycan Respublikası dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verir və bu sahədə beynəlxalq səviyyədə fəal iştirak edir. O, həmçinin ümidvar olduğunu bildirib ki, təqdim edilən nəşrlər kitabxana tərəfindən elektronlaşdırılaraq saxlanılacaq və oxucular üçün dəyərli bir resursa çevriləcək. Bundan əlavə, təqdim olunan maliyyə dəstəyinin kitabxananın mövcud kolleksiyalarının qorunmasına və zənginləşdirilməsinə mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.

Kitabxananın rəhbəri Françesko Pisano öz çıxışında Azərbaycan hökumətinə göstərilən maliyyə dəstəyi və təqdim edilən nəşrlərə görə dərin minnətdarlığını ifadə edib. O, bu töhfənin digər BMT üzv dövlətlərini də oxşar ianələrə təşviq edəcəyinə ümid etdiyini bildirib. F.Pisano Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyini “Kitabxananın dostları” sırasında dəyərləndirərək, bu əməkdaşlığın sülhün təşviqi, mədəniyyətlərarası dialoq və digər qlobal məsələlər üzrə birgə tədbir və layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığını qeyd edib.

1919-cu ildə Millətlər Liqasının kitabxanası kimi fəaliyyətə başlayan bu kitabxana hazırda dünya mədəni irsinin qiymətli xəzinəsi hesab olunur. Kitabxana beynəlxalq hüquq, insan hüquqları, çoxtərəflilik, tərksilah, humanitar məsələlər, qaçqınlar, iqtisadi və sosial inkişaf, ətraf mühit kimi sahələr üzrə BMT-nin mühüm bilik mərkəzlərindən biri kimi çıxış edir. Hüquq, siyasət və sosial elmlər sahəsində isə Avropanın ən zəngin kolleksiyalarından birinə malikdir.

Əlaqəli Xəbərlər