“İctimaiyyət həmrəylik nümayiş etdirməlidir”


ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyevin SİA-ya müsahibəsini təqdim edirik:

– Bəzi vətəndaşlar səhlənkarlıq, məlumatsızlıq ucbatından ərazilərdə minalara düşürlər, xəsarət alırlar. Nələrə riayət edilməlidir?

– Rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu təxminən 25 ildir ki, ANAMA ilə tərəfdaş olan qeyri-hökumət təşkilatıdır. Biz bu problemin necə ağrılı problem olduğunun fərqindəyik. Həm bu prosesin içində olmaqla, həm yaşanan ağrı-acının şahidi olmaqla, fəlakətin ölkəmiz üçün nə qədər üzücü problem olmasının fərqindəyik. Bilirsiniz ki, cənab Prezidentin də diqqət ayırdığı bir məsələdir. Bütövlükdə Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi üçün ən önəmli məsələ minalı ərazilərin təmizlənməsi məsələsidir. Onun üçün dövlət, hökumət bu məsələyə xüsusi diqqət ayırır. Bununla bağlı da lazımi, zəruri olan bütün işləri həyata keçirir, dəstək verir. Təbii ki, mina problemi olan yerdə insidentlər də qaçılmazdır. Burada həm məsuliyyətlə bərabər, həm də problemin özü elədir ki, əgər insanın dörd yanı mina ilə bağlıdırsa, insan bəzən cüzi ehtiyatsızlıq etməklə insidentlərin baş verməsinə səbəb ola bilər. Mina problemi olan ərazilərdə minalarla davranışın qızıl qaydaları var. Əmin olmadığın yerlərə getməməlisən. Təhlükəsizlik qaydaları var. Bununla bağlı ANAMA və tərəfdaş təşkilatlar mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirirlər. Beynəlxalq Avrasiya Mətbuat Fondu son 10 ildən çox müddətdə mütəmadi maarifləndirmə tədbirləri keçirir. Biz təqribən milyondan yuxarı insanın maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmişik. Bu o demək deyil ki, biz insanlarla görüşdük, söhbət etdik, bununla da məsələ bitdi. Elə deyil. Bu, mütəmadi prosesdir. Bu prosesin içində bizim mətbuatımız, ictimaiyyət nümayəndələri, ANAMA-nın minatəmizləmə komandası və tərəfdaşları mütəmadi olaraq bu istiqamətdə fəaliyyət göstərir. Eyni zamanda ictimaiyyət də həmrəylik nümayiş etdirməlidir.

– Mina təhlükəsizliyinə dair özəl və dövlət qurumlarının, icmaların dəstəyi hansı rola malikdir? Hal-hazırda onlarla birgə hansı işlər görülüb?

– Azərbaycan dünyanın ən çox minalanmış ölkələri siyahısındadır. Təxmini hesablamalara görə milyon yarım minanın mövcud olması barədə fikirlər var. Bu gün ciddi problemlə çox böyük fədakarlıqla mübarizə aparırıq. Burada vətəndaşların dəstək olmasına böyük ehtiyac var. Bu gün son dövrlər Qarabağa portallardan icazə alaraq insanların qrup halında getdiyinin şahidi oluruq. Bu, təbii haldır. İnsanlar öz yurd-yuvasına getmək istəyirlər. Amma bu insanlarla mütəmadi olaraq iş aparılmalıdır.

Əlaqəli Xəbərlər