Cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 449,8 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 33,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.
2025-ci ilin yanvar-aprel aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.