Şəmkirdə “Cəsur Vətən oğlu” kitabının təqdimatı keçirilib


Mayın 15-də Respublika Xatirə Kitabı Redaksiyası Şəmkirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Babək Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təqdimat mərasimində şəhidin ailə üzvləri, YAP fəalları, rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəmkirin 331 sakini şəhidlik zirvəsinə ucalıb. O, Babək Namazovun öz cəsurluğu və qəhrəmanlığı ilə xüsusilə seçildiyini, “Azərbaycan Bayrağı” ordeni və 6 medalla təltif olunduğunu vurğulayıb.

Şair-publisist Rəfail Tağızadə şəhidin keçdiyi döyüş yolu barədə məlumat verib.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Mammadova “Cəsur Vətən oğlu”nun Xatirə Kitabı ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi çərçivəsində nəşr olunduğunu bildirib: “Kitabda Babək Namazovun vətən və yurd sevgisi, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər xarakteri öz əksini tapıb. Cəsur Qarabağ döyüşçüsünün həyat və qəhrəmanlığından bəhs edən kitabın gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi sahəsində böyük əhəmiyyət kəsb edəcəyinə ümid edirik”.

Kitabın müəllifi Hikmət Məlikzadə şəhidlərinin adının əbədiləşdirilməsinin mənəvi borc olduğunu, özünün də bu sahədə az da olsa pay sahibi olduğu üçün rahatlıq tapdığını diqqətə çatdırıb.

Mərasimdə Əliyaqublu kənd məktəbinin direktoru Ziyafət Aslanova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova və başqaları Babək Namazov haqqında xatirələrini söyləyiblər.

Şəhidin valideynləri Sahman və Mehriban, əmisi Mehman və başqaları çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.

Mərasimdən sonra şəhidin Əliyaqublu kəndindəki məzarı ziyarət edilib.

Əlaqəli Xəbərlər