“XXI əsrdə dünyanın ən dəhşətli müharibələrindən biri başladı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, müstəqil, suveren Ukrayna Rusiyanın təcavüzünə məruz qaldı və üç ildən artıqdır ki, Rusiya Ukraynanı işğal etmək üçün ədalətsiz müharibə başladıb: “Dünyanın ədalətli, mütərəqqi dövlətləri və Rusiyanı istəməyən dövlətlər birləşsələr də, lakin bu birlik Ukraynanı bu dəhşətli müharibədən qurtarmağa imkan vermir. Uzun müharibədən sonra həm Rusiya, həm də Ukrayna minlərlə insan itirib. Ukraynanın yüzlərlə şəhəri, kəndi yerlə-yeksan edilib. Bu mənada, təbii ki, Ukraynanın itkiləri daha çoxdur. Rusiyanın imkanları daha genişdir. Avropa ölkələri Ukraynaya kömək etmiş olsa da, hələlik bu köməyin nəticəsi olaraq Ukrayna tam məğlub olmayıb.
Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyi də bu müharibədə loyal mövqe nümayiş etdirdi. Bu mövqenin nəticəsi olaraq Ukraynanın çətinlikləri daha çoxdur. May ayının 15-də, yəni bu gün iki dövlətin İstanbulda danışıqları başlayır. İlk olaraq hamıya belə gəlirdi ki, Putin də bu danışıqda iştirak edəcək, çünki Putin şəxsən Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğan cənablarından bunu xahiş etmişdi. Çox təəssüflər olsun ki, sonda məlum oldu ki, Putin getmir. Ancaq səlahiyyətli nümayəndə heyətini göndərir. Ukraynanın prezidenti isə artıq Türkiyə Cümhuriyyətindədir və Ərdoğanla danışıqlardadır”.
“Müharibə görən, ədalətsizlik görən, işğala məruz qalan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan həmişə müharibənin əleyhinə olub. Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşıb. Azərbaycan bu məsələdə də faktiki olaraq Ukraynanın müstəqilliyini dəstəkləyir. Ukraynanın Rusiya tərəfindən işğal olunmuş torpaqlarını Rusiya torpaqları kimi yox, Ukrayna torpaqları kimi qəbul edir. Bu mənada Azərbaycan dövlətinin mövqeyi ədalətli, mütərəqqidir. Həm də heç bir siyasi maraq güdmədən ədaləti müdafiə edir. Bu baxımdan çox istərdik ki, bu danışıqlar müharibənin bitməsi və sülh danışıqları ilə, son nəticədə hər iki dövlətin ərazi bütövlüyü təmin olunmaqla bitsin. Bu, Azərbaycan tərəfinin mövqeyidir. Mövqe ədalətlidir. Çünki burada hansı dövlətisə siyasi maraqlara görə müdafiə etmək yoxdur. Dünyanın siyasi xəritəsində həm Rusiya Federasiyasının, həm də Ukraynanın öz yeri var. Azərbaycan da hər iki dövlətin yerinə hörmətlə yanaşır” – deyə o, əlavə edib.