“Azərbaycanda ali təhsillə bağlı cəmiyyətdə geniş yayılmış bir fikir mövcuddur: sanki hər kəs ali təhsil almalı, mütləq diplom əldə etməlidir və bu, gələcəkdə uğur qazanmağın yeganə alternativsiz yoludur. Lakin düşünürəm ki, bu yanaşma tam doğru deyil. Əlbəttə, ali təhsil müəyyən bilik və dünyagörüşü qazandırmaq baxımından vacibdir. Ancaq bu, heç də uğurun yeganə açarı deyil”. Bunu SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, ali təhsilli bir şəxs hər hansı bir işə müraciət etdikdə, onun diplomu ilkin mərhələdə müəyyən üstünlük verə bilər: “Bu zaman ona daha ciddi və humanist yanaşılır, ondan müəyyən səviyyədə fərqli nəticələr gözlənilir. Dövlət qurumlarında da, özəl sektorda da bu, bəzən nəzərə alınır. Lakin diplomun olması hələ məsələni tam şəkildə həll etmir.
İstər Qərb ölkələrində, istərsə də Uzaq Şərqdə ali təhsilli şəxsə yalnız diplom əsasında qiymət verilmir. Əsas qiymətləndirmə meyarları fərdin peşəkar və praktik bacarıqları, çevik qərarvermə qabiliyyəti, idarəçilik bacarığı və müraciət etdiyi sahədə real bilik və təcrübəsidir. Yəni bir şəxsin diplomu olsa da, əgər o, sahəsində yetərli bilik və bacarıqlara malik deyilsə, həmin şəxsə üstünlük verilməsi şübhə altına alınır.
Bu gün də Azərbaycanda “diplom varsa, iş də olacaq” kimi yanlış düşüncə geniş yayılıb. Bu, sovet dövründən miras qalan bir yanaşmadır. Təəssüf ki, hələ də bir çoxları bu fikir üzərində israr edir. Halbuki bu gün diplomlu gənclər arasında elələri var ki, öz sahəsində heç vaxt çalışmayıb, diplomundan istifadə etməyib, əvəzində şəxsi biznesini qurub, uğurlu karyera yolu keçib. Belə insanlar sübut edirlər ki, uğurun yolu yalnız diplomdan keçmir.
Əslində həm dövlət, həm də özəl sektorda əsas meyar şəxsin real bacarıqları və mənəvi keyfiyyətləridir. Dövlət sektorunda müəyyən sahələrdə ali təhsilə önəm verilsə də, özəl sektorda bu məsələyə daha çevik və praktik yanaşmaq vacibdir. Yəni işə qəbul zamanı namizədin hansı universiteti, hansı fakültəni bitirməsindən çox, onun peşəkar hazırlığı, məsuliyyətli yanaşması, komanda ilə işləmək bacarığı və dəyərləri nəzərə alınmalıdır. Nəticə etibarilə, ali təhsil vacib olsa da, onun uğurun yeganə şərti kimi təqdim olunması doğru deyil. Cəmiyyət olaraq bu stereotipi dəyişməli və gənclərə bacarıq əsaslı yanaşmanı aşılamalıyıq”.
Günel Fərzəliyeva