Rusiya ilə sülh naminə Krımdan imtina mümkün deyil


Rusiya ilə sülh naminə Krımdan imtina etmək mümkün deyil. Buna baxmayaraq, Ukrayna müvəqqəti işğal olunmuş ərazilərdəki humanitar məsələləri müzakirə etməyə hazırdır. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirdiyi mətbuat konfransında bəyan edib.

Ukrayna dövlət başçısı jurnalistlərlə ünsiyyəti zamanı bir daha vurğulayıb ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımaq niyyətində deyil.

“Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm. Müvəqqəti işğal olunmuş əraziləri tanımırıq, yarımadanı Rusiya ərazisi kimi tanımırıq”, – deyə Zelenski bildirib.

O, qeyd edib ki, Ukrayna sülh danışıqları zamanı ərazi məsələlərini müzakirə edə bilməz, çünki bu, ölkə Konstitusiyasının pozulması deməkdir.

“Bütün müzakirələrdə bunu xüsusi vurğulayıram ki, bu mənim prinsipial mövqeyimdir, hüquqi baxımdan biz müvəqqəti işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımırıq”, – deyə Prezident əlavə edib.

Bununla yanaşı, Zelenski bildirib ki, Ukrayna tərəfi müvəqqəti işğal olunmuş ərazilərdəki humanitar böhranlar və baş verən hadisələrlə bağlı müzakirələr aparmağa hazırdır.

Əlaqəli Xəbərlər