“Elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır”


“Əvvəlcə elektromobillərin mənfi təsirləri ilə bağlı kifayət qədər geniş ictimai qənaət formalaşmayıb. Lakin bu sahədə bəzi problemlərin artıq müşahidə olunduğunu demək mümkündür. Xüsusilə elektromobillərin enerji tələbatının artması nəticəsində dolayı yolla ətraf mühitin çirklənməsi və digər potensial risklər diqqətdən qaçmamalıdır. Bu səbəbdən elektromobillərin mənfi cəhətlərinin də elmi müstəvidə araşdırılması və qiymətləndirilməsi vacibdir. Bununla yanaşı, istifadəçi baxımından müsbət tərəflər barədə də danışmaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, elektromobillərin müsbət təsirləri kontekstində qeyd edə bilərik ki, Azərbaycan da 2030-cu ilə qədər atmosferdəki karbon dioksid emissiyalarının minimuma endirilməsi və “yaşıl dünya” naminə qlobal kampaniyalara qoşulma istiqamətində ciddi öhdəliklər götürmüşdür: “Bu məqsədlə əsas hədəflərdən biri daxili yanma mühərrikli nəqliyyat vasitələrinin sayını azaltmaq və onların yerini daha ekoloji cəhətdən zərərsiz olan elektromobillərlə və ya hibrid nəqliyyat vasitələri ilə əvəz etməkdir.

Elektromobillərin üstünlüklərindən biri odur ki, onların istifadəsi atmosferə atılan zərərli qazların – xüsusilə də karbon dioksid və azot oksidlərinin – miqdarının azalmasına şərait yaradır. Əgər elektromobil şarj stansiyalarının sayı artırılarsa və geniş istifadə təmin olunarsa, bu, həm də iqtisadi baxımdan səmərəli nəticələr verə bilər. Belə ki, elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır və texniki baxımdan da daha az resurs tələb olunur. Bununla yanaşı, şəhər mühitində səs-küyün və havanın çirklənməsinin azalması da mühüm ekoloji faydalardandır”.

Ekspert həmçinin qeyd edir ki, elektromobillərin alınması zamanı, məlumdur ki, Azərbaycanda bu nəqliyyat vasitələri bir sıra fiskal güzəştlərdən faydalanır. Belə ki, elektromobillər gömrük rüsumlarından və aksiz vergisindən azaddır. Bu amillər həm ölkəyə idxal olunan elektromobillərin qiymətinin tənzimlənməsinə, onların daha əlçatan və ucuz olmasına şərait yaradır, həm də vətəndaşları ekoloji cəhətdən üstün nəqliyyat vasitələrinə üstünlük verməyə təşviq edir.

Alınan elektromobillərin dəyəri uzunmüddətli perspektivdə daha sərfəlidir. Bu tendensiya artıq Azərbaycanda da müşahidə olunmağa başlanmışdır. Məsələn, “Demir Yol Nəqliyyat Parkı”nda yenilənmə işləri çərçivəsində elektromobillərin gətirilməsi və istismara verilməsi prosesi həyata keçirilmişdir. Bu yeniliklər, ölkədə elektromobillərin tətbiqinin genişləndirilməsi istiqamətində atılan addımların bariz nümunəsidir.

Bundan əlavə, qeyd etmək lazımdır ki, bu sahədə digər alternativ seçimlər və texnoloji yeniliklər də mümkündür. Məsələn, COP29 ərəfəsində Azərbaycan yeni, tam elektriklə çalışan avtobuslar əldə etmiş və onların istifadəsinə başlamışdır. Bu addımlar, həm ictimai nəqliyyatda karbon emissiyalarının azaldılması, həm də ölkənin ekoloji hədəflərinə çatması baxımından mühüm əhəmiyyət daşıyır” – deyə o əlavə edib.

Əlaqəli Xəbərlər